EN

Tehranda su böhranı dərinləşir: Paytaxtın təxliyəsi gündəmdə

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İranda su qıtlığı böhran həddinə çatıb. Prezident Məsud Pezeşkiyan açıqlayıb ki, yaxın günlərdə yağış yağmasa, Tehranda su kəsintiləri tətbiq ediləcək. Əgər vəziyyət dəyişməsə, paytaxtın təxliyəsi belə gündəmə gələ bilər.

Bizimyol.info xəbər verir ki, “Etimad” qəzetinin verdiyi məlumata görə, dövlət başçısı ölkənin qərbindəki Sənəndəc şəhərinə səfəri zamanı keçirdiyi görüşdə İranın artan quraqlıq problemi və su çatışmazlığına toxunub.

Pezeşkiyan bildirib ki, ölkə hazırda ciddi təbii böhranla – yağıntıların azalması və su ehtiyatlarının tükənməsi ilə üzləşib: “Əgər yaxın zamanda yağış yağmasa, gələn aydan etibarən Tehranda su məhdudiyyətləri tətbiq ediləcək. Bundan sonra da yağış olmazsa, su ehtiyatımız qalmayacaq və paytaxtı boşaltmaqdan başqa yolumuz olmayacaq”, - deyə prezident qeyd edib.

Pezeşkiyan həmçinin deyib ki, vəziyyətdən çıxış yolu üçün su və enerji resurslarından qənaətlə istifadə, eləcə də bu sahədə daha səmərəli idarəetmə vacibdir.

Tehran hazırda beş əsas bənd – Əmir Kəbir, Lar, Məmlu, Tələkan və Latyan vasitəsilə su ilə təmin olunur. Lakin son beş ildə ölkə üzrə yağıntı miqdarı əhəmiyyətli dərəcədə azalıb. Meteoroloji xidmətin məlumatına görə, bu il Tehranda yağıntılar mövsüm norması ilə müqayisədə təxminən 40 faiz az olub.

Xüsusilə yaz və yay aylarında demək olar ki, yağış yağmaması bəndlərdəki su ehtiyatlarını minimuma endirib. Bu, həm yerüstü, həm də yeraltı su ehtiyatlarında kəskin azalmaya səbəb olub.

Tehran Su İdarəsi iyulun 20-də açıqlama yayaraq, paytaxtı su ilə təmin edən bəndlərdəki su ehtiyatının son yüz ilin ən aşağı səviyyəsinə düşdüyünü bildirib. Yay ərzində şəhərin bəzi bölgələrində vaxtaşırı su kəsintiləri tətbiq olunub.

Prezident Pezeşkiyan iyulun 23-dəki çıxışında xəbərdarlıq etmişdi ki, əgər su problemi bu templə davam edərsə və hökumət təcili tədbirlər görməzsə, yaxın gələcəkdə Tehranda əhaliyə su çatdırmaq mümkünsüz olacaq.

Tehran Su İdarəsinin baş direktoru Bəhzad Parsa da noyabrın 3-də açıqlamasında qeyd edib ki, mövcud bənd ehtiyatları paytaxtı ən çox iki həftəlik su ilə təmin edə bilər.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
30
bizimyol.info

1Sources