EN

ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Bakı, 7 noyabr, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günü elan edilən noyabrın 8-dən 11-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

ADY-dən AZƏRTAC-a bildirilib ki, hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxış keçirilir, reyslər üzrə mütəmadi reydlər, yoxlamalar təşkil edilir.

Artan sərnişin tələbatı nəzərə alınaraq noyabrın 7-dən 11-dək Bakı–Ağstafa–Bakı xətti üzrə hər iki istiqamətdə əlavə qatar reysləri təyin edilib. Bu marşrut üzrə qatar həmin tarixlərdə saat 08:30-da Bakıdan Ağstafaya, 17:20-də Ağstafadan Bakıya yola düşəcək.

Bundan əlavə, Zəfər və Bayraq günləri ilə əlaqədar noyabrın 10-11-nin istirahət günü elan olunması nəzərə alınaraq, Bakı–Qazax–Bakı marşrutu ilə hər iki istiqamətdə əlavə reyslər təyin edilib. Qatar Bakıdan saat 07:45-də, Qazaxdan isə 16:40-da yola düşəcək.

Bakı–Qazax–Bakı xətti üzrə hərəkət edən müasir qatarlar qarşıdakı qeyri-iş günlərində də hər gün hər iki istiqamətdə ənənəvi qrafiklə fəaliyyətini davam etdirəcək.

Bu ilin avqustunda 32 ildən sonra bərpa edilən Bakı–Ağdam–Bakı marşrutu üzrə noyabrın 9-da əlavə qatar reysləri təyin edilib. Bu marşrut üzrə noyabrın 8-9-da hər iki istiqamətdə səfər etmək mümkündür. Qatar Bakıdan saat 07:10, Ağdamdan isə 18:20-də hərəkətə başlayacaq.

Sərnişin tələbatını təmin etmək məqsədilə Bakıdan və Qəbələdən noyabrın 8, 9, 10 və 11-də hər iki istiqamətdə reyslər təşkil ediləcək. Qatar Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək. Noyabrın 8-dən başlayaraq həftəsonu günlərində bu marşrutla ənənəvi qrafik üzrə səfərlər ikimərtəbəli müasir qatarlarla həyata keçiriləcək.

Bayram günlərində Bakı–Balakən–Bakı xətti üzrə tələbata uyğun olaraq vaqon sayı artırılacaq. Belə ki, noyabrın 7-də Bakıdan Balakənə hərəkət edəcək qatara 7 əlavə vaqon, 9 noyabrda Balakəndən yola düşəcək qatara 1 əlavə vaqon, 10 noyabrda isə Balakəndən hərəkətə başlayacaq qatara 4 əlavə vaqon qoşulacaq. Ümumilikdə bu marşrut üzrə qatar hər gün saat 23:50-də Bakıdan Balakənə, saat 22:00-da Balakəndən Bakıya hərəkət edir. Marşrut üzrə Şəki, Qax, Zaqatala və Balakən stansiyalarında, həmçinin dörd aralıq dayanacaqda sərnişinlərin düşüb-minməsi təmin edilir.

Noyabrın 8-dən 11-dək Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkəti qeyri-iş günlərinin cədvəli əsasında təşkil ediləcək.

ADY-nin 24/7 fəaliyyət göstərən 1822 Əlaqə mərkəzi də bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq.Sərnişinlər qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və ya “ADY Mobile” tətbiqini yükləyə bilərlər.

Chosen
11
16
azertag.az

10Sources