EN

İftixar Piriyev “Çingiz Aytmatov” medalı ilə təltif edilib


6 noyabr 2025-ci ildə Bişkek şəhərində görkəmli teatr xadimi, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, şair, dramaturq, aktyor, rejissor, təşkilatçı, Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev “Beynəlxalq İssık-Kul Forumu” Rəyasət Heyətinin qərarı ilə incəsənət vasitəsilə xalqlar arasında sülhün və dostluğun möhkəmləndirilməsində müstəsna xidmətlərinə, türkdilli xalqların ortaq mədəni irsinin təbliğinə, xüsusilə Azərbaycan-Qırğızıstan ədəbi və teatr əlaqələrinin inkişafına verdiyi əhəmiyyətli şəxsi töhfələrinə görə Beynəlxalq “Çingiz Aytmatov” medalının təqdimetmə mərasimində iştirak edib. Qırğızıstan Milli Yazıçılar İttifaqında keçirilən təntənəli tədbirdə 1985-ci ildə Çingiz Aytmatovun yaratdığı “Beynəlxalq İssık-Kul Forumu”nun idarə heyəti, Azərbaycanın Qırğızıstandakı səfirliyinin müşaviri, Qırğızıstanda fəaliyyət göstərən Azərbaycan, Tacikistan və Özbəkistan milli mədəniyyət mərkəzlərinin nümayəndələri iştirak etmişlər.
Mərasimə qatılan yazıçılar, alimlər, mədəniyyət və incəsənət xadimləri qeyd etmişlər ki, İftixar Piriyev dahi yazıçı Çingiz Aytmatov ideyalarının daşıyıcısı missiyasını uğurla yerinə yetirdiyinə, onun humanist irsini və yüksək mənəvi dəyərlərini teatr, poeziya, elmi yaradıcılığı vasitəsi ilə fəal şəkildə təbliğ etməsinə görə belə bir nüfuzlu mükafata layiq görülüb. İftixar Piriyev eyni zamanda Orta Asiyanın fəxri, böyük sufi şairi və maarifçisi Xodjanazor Xuvaydo adına Beynəlxalq elmi-maarifçilik fondunun Fəxri Fərmanı ilə də təltif olundu. Görüşdə İftixar Piriyevin dünyanın nəhəng alimi Lütfi Zadənin “Qeyrisəlis məntiq” nəzəriyyəsinin humanitar elmlər sahəsindəki tətbiq imkanlarının əks olunduğu “Elçin teatrı: absurd dram “Qeyri-səlis məntiq” nəzəriyyəsi kontekstində” adlanan kitabının və müəllifi olduğu yeni teatr yaradıcılıq sisteminin – “Qeyri-səlis teatrı”nın nəzəri və təcrübi prinsiplərinin səciyyələndiyi “Qeyri-səlis məntiq və teatr” elmi monoqrafiyalarının təqdimatı da keçirildi. Görüş və təqdimatın iştirakçıları Azərbaycan mədəniyyəti, incəsənəti və elminin görkəmli şəxsiyyətinə uğurlar arzulayıb və ona ən xoş arzularını çatdırdılar. Bu tədbir iki qardaş respublika arasında mədəni, humanitar və ədəbi əlaqələrdə daha bir mərhələnin başlanğıcını qoydu. Qeyd edildi ki, İftixar Piriyev istedadlı dramaturq və teatr xadimi olaraq türk dünyasına əhəmiyyətli töhfələr verib və böyük nüfuz qazanıb.
Onun dərin fəlsəfi ideyaları, çoxşaxəli bədii və elmi əsərləri iki türk xalqını birləşdirmək, türk xalqlarının ortaq tarixini və ortaq gələcəyini eyni istiqamətdə və bütöv şəkildə hərəkət etməli olduqları ideyasını təbliğ edir. Bu mükafat İftixar Piriyevin uzun illər səmərəli və çox istiqamətli yaradıcı fəaliyyətinə verilən dəyərdir və türkdilli xalqların mədəni birliyini simvolizə edir.

Chosen
45
baki-xeber.com

1Sources