EN

Yeniyetmələr niyə çılğınlaşırlar?

Yaxud sabaha hansı gəncliklə gedirik?

Son zamanlar ölkədə mübahisə zəminində baş verən kriminal hadisələrin sayında artım müşahidə olunur. Sosial şəbəkələrdə demək olar ki, hər gün qəsdən sağlamlığa zərərvurma hadisəsi barədə xəbər yayılır. Hətta elə gün olur 3-4 belə hadisə baş verir. Ən ağrılı məqam isə hadisəni törədənlərin yaş həddidir: 15, 16, 17...

Əvvəl yumruq davasına çıxanlar indi soyuq silaha əl atırlar. Bəs yeniyetmələr arasında bu insidentlərin artım səbəbi nədir? Bunun qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumatdan da görünür ki, son illər yeniyetmələrlə bağlı cinayət hadisələrində artım var. Belə ki, 2022-ci ildə 14-17 yaşda olan 258 yeniyetmə müxtəlif cinayət hadisələrinə görə məhkum olunub. 2023-cü ildə bu göstərici artaraq 310 nəfərə çatıb. 2024-cü ildə isə məhkum olunmuş yeniyetmələrin sayı 285 nəfər təşkil edib. Qeyd edək ki, cinayətlər arasında əsas yeri oğurluq, daha sonra isə qəsdən sağlamlığa ağır zərərvurma gəlir.

Təhsil eksperti Kamran Əsədov son dövrlər yeniyetmələr və gənclər arasında zorakılıq, xüsusilə məktəblərdə bıçaqlanma və aqressiv davranış hallarının cəmiyyətin sosial strukturunda dərin deqradasiyanın göstəricisi olduğunu söylədi:

– Təhlillər göstərir ki, bu hadisələrin kökündə bir tərəfdən ailə nəzarətinin zəifləməsi, digər tərəfdən sosial medianın mənfi təsirləri, həmçinin məktəbdə tərbiyə funksiyasının yetərincə dəyərləndirilməməsi dayanır. Cəmiyyətin dəyərlər sistemindəki dəyişikliklər, valideyn məsuliyyətinin olmaması və yeniyetmələrin sosial məkanda nəzarətsiz qalması problemi daha da dərinləşdirir.

Rəqəmlər də vəziyyətin ciddiliyini göstərir. Daxili İşlər Nazirliyinin 2024-cü ilə dair hesabatına əsasən, yeniyetmələrin törətdikləri cinayətlərin sayı son 3 ildə təxminən 28 faiz artıb. Bu hadisələrin 60 faizindən çoxu məhz məktəb və onun ətrafında baş verir. Bu fakt bir daha təsdiqləyir ki, təhsil ocaqları təkcə bilik verilən yer deyil, həm də sosial təhlükəsizlik və mənəvi tərbiyə məkanı olmalıdır. “Təhsil haqqında” Qanunun 4-cü maddəsində açıq şəkildə qeyd olunur ki, təhsilin əsas məqsədi şəxsiyyətin hərtərəfli inkişafıdır. Yəni təhsil yalnız akademik biliklə deyil, həm də əxlaqi və sosial dəyərlərin formalaşdırılması ilə əlaqələndirilir.

Elm və Təhsil Nazirliyi bu istiqamətdə son illərdə mühüm addımlar atır. “Məktəblinin dostu” layihəsi, “Valideyn məktəbi” təşəbbüsləri və məktəblərdə psixoloji xidmətin gücləndirilməsi cəhdləri təhsilin sosial aspektinin bərpası baxımından əhəmiyyətli yeniliklərdir.

Nazirliyin “Sağlam məktəb mühiti” konsepsiyası və inklüziv təhsilin genişləndirilməsi ilə bağlı proqramları da yeniyetmələrin emosional və sosial sabitliyinə müsbət təsir edir. Lakin problem yalnız təhsil sistemi çərçivəsində həll oluna bilməz. Əgər ailə və cəmiyyət bu səylərə paralel dəstək vermirsə, nəticə etibarilə məktəbin gördüyü işlərin təsiri zəif olur.

Ekspert bildirdi ki, valideyn məsuliyyətinin zəifləməsi bu prosesin ən ağrılı tərəfidir:

– Uşaqların bir çoxu valideyn nəzarətindən çıxıb sosial medianın “tərbiyəsinə” verilib. Ailələrdə emosional ünsiyyət kəsilib. Uşaqlar zamanın çoxunu valideynlər ilə deyil, telefonda keçirirlər. Bu da gənc nəsildə həm empatiya hissini zəiflədir, həm də aqressiv davranışları artırır. Valideynlərin əksəriyyəti övladının gündəlik sosial çevrəsini, izlədiyi kontenti, dost mühitini, emosional vəziyyətini nəzarətsiz buraxır. Halbuki “Valideyn məsuliyyəti haqqında” Qanunun 11-ci maddəsində göstərilir ki, valideyn uşağın tərbiyəsinə, psixoloji inkişafına və sosial davranışına görə birbaşa məsuliyyət daşıyır. Təəssüf ki, bu məsuliyyət çox vaxt yalnız kağız üzərində qalır.

Sosial şəbəkələrin təsiri isə vəziyyəti daha da gərginləşdirir. "TikTok" və "YouTube" kimi platformalarda zorakılığın, qarşıdurmanın, küçə mədəniyyətinin təbliği gənclər üçün davranış modeli yaradır. “Güc göstərmək”, “qorxutmaq” və “məşhurlaşmaq” instinkti bir çox yeniyetmələrdə sosial status meyarına çevrilib. Məsələn, UNICEF-in 2023-cü il hesabatına əsasən, zorakı video və aqressiv məzmunlara baxan gənclərin 32 faizi real həyatda oxşar davranış nümayiş etdirirlər. Sosial şəbəkə şirkətləri isə bu cür kontentin yayılmasına qarşı kifayət qədər məsuliyyətli deyillər. Azərbaycan qanunvericiliyində kibertəhlükəsizlik sahəsində müəyyən tənzimləmələr edilsə də, uşaq və yeniyetmələrin sosial mediada təhlükəsizliyi hələ də təmin olunmayıb.

Müsahibim qeyd etdi ki, dünya təcrübəsinə görə zorakılığın qarşısının alınmasında əsas mexanizm məktəbdə güclü sosial-psixoloji dəstək sisteminin olmasıdır:

– Finlandiyada tətbiq olunan “KiVa” proqramı hər bir zorakılıq halını təhlil edir, şagirdlər və valideynlər arasında müzakirə mexanizmi yaradır. Bunun nəticəsində son 10 ildə məktəbdaxili aqressiya 40 faiz azalıb. Yaponiya məktəblərində hər gün “sosial davranış və etik dəyərlər” dərsi keçirilir, uşaqlara empatiya, məsuliyyət və dialoq mədəniyyəti aşılanır. Bu modellər sübut edir ki, aqressiyanı cəza ilə yox, maarifləndirmə və empatiya üzərində qurulan sosial mühitlə azaltmaq mümkündür.

Ölkəmizdə də bu istiqamətdə müsbət addımlar atılır. Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi yeni nizamnamələr, psixoloq vakansiyalarının artırılması, məktəblərdə təhlükəsizlik qaydalarının sərtləşdirilməsi artıq nəticə verir. Son iki ildə məktəblərdə zorakılıq hadisələrinin 15 faiz azalması işin səmərəliliyini göstərir. Lakin bu azalma dayanıqlı deyil, çünki ailə və ictimai nəzarət hələ də sistemli şəkildə formalaşmayıb.

Hesab edirəm ki, problemin aradan qaldırılması üçün təhsil sistemi, ailə və media siyasəti arasında koordinasiya vacibdir. Məktəbdə psixoloji xidmət real mexanizmə çevrilməli, ailələr məsuliyyətli valideynlik modelinə qayıtmalı, sosial şəbəkələrdə uşaq və yeniyetmələr üçün məzmun nəzarəti qanunla tənzimlənməlidir.

Elm və Təhsil Nazirliyi bu istiqamətdə mühüm addımlar atır. Lakin valideynlər övladlarının tərbiyəsində nəzarəti gücləndirməsələr, dövlətin bu səyləri nəticə verməyəcək, problemin qarşısını almaq qeyri-mümkün olacaq.

Bakı Dövlət Universitetinin müəllimi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman psixoloq Narınc Rüstəmova bu problemin səbəbini yeniyetməlik dövrü ilə əlaqələndirdi:

– Yeniyetməlik kritik yaş dövrü hesab olunduğu üçün bu dönəmdə cinayət hadisələri, aqressiyasını idarə edə bilməmək, özünəqəsd halları daha çox olur. Bu yaş həddində valideynlər diqqətli olmalı və övladlarına təmkinlə, səbirlə yanaşmalıdırlar. Uşaqların aqressiv hərəkətlərinə şiddətlə və aqressiya ilə cavab vermək doğru yanaşma üsulu deyil.

Bəzən valideynlərin çoxu övladlarının kobud rəftarlarına "ərköyünlük" kimi, “böyüdükcə düzələcək, ağıllanacaq” tərzdə yanaşırlar. Bu isə çox vaxt arzuolunmaz hallara gətirib çıxarır. Təəssüf ki, bəzən ailələr bu reallığı qəbul etmirlər. Mövcud problemlərə zamanında müdaxilə edilmədikdə daha da dərinləşir.

Eyni zamanda qeyd etmək lazımdır ki, bu, uşağın şəxsiyyət kimi formalaşmasına da mənfi təsir edir. Təsadüfi deyil ki, cinayət hadisələri daha çox cinsi yetişkənlik dövründə, yetkinlik yaşına çatmayan uşaqlar və gənclər arasında müşahidə edilir. Cinayətdən əvvəli araşdırsaq, hadisəni törədən şəxsin ətrafındakı insanlara qarşı zorakılıq, aqressiya, fiziki cəhətdən özündən zəifləri əzmək, şiddət göstərmək və s. halların şahidi ola bilərik. Bu, daha erkən yaşlarda özünü büruzə verir. Belə ki, 6-7 yaşında uşağın heyvanlara zərər verməsi, ətrafdakılara qarşı aqressiv davranışlar sərgiləməsi valideynlər üçün artıq siqnal olmaldır. Bəzən bu halları xüsusilə analar atadan gizlətməyə çalışırlar və ya əksinə, atalar oğlan uşaqlarının belə davranışlarını “yaxşı” bir xüsusiyyət, “kişilik göstəricisi” hesab edirlər. Çox təəssüf ki, bəzi ailələrdə, hətta buna görə uşaqlar mükafatlandırılırlar da. Bu zaman davranışı ilə rəğbət görən uşaq daha çox diqqətə ehtiyac duyduğu üçün eyni hərəkətləri yenidən təkrarlamağa başlayır. Bu, öz növbəsində, onun təhsil həyatına da təsir edir.

Psixoloq vurğuladı ki, problemin aradan qaldırılması istiqamətində valideynlə yanaşı, məktəb psixoloqlarının da təsiri son dərəcə önəmlidir:

– Məktəb psixoloqu ilə valideyn birliyi şagirdlərin psixoloji və sosial inkişafının əsas təminatıdır. Psixoloq yeniyetmə ilə bərabər, valideynlərlə də daim ünsiyyətdə olmalıdır. Şagirdlə sərt və ya ciddi şəkildə deyil, sakit formada profilaktik söhbət edilməlidir. Zamanında müdaxilə edilərsə, belə halların qarşısını almaq olar. Söhbət uşaqlardan, yeniyetmələrdən və dolayısıyla gələcəyimizdən gedirsə, bu məsələlərə laqeyd yanaşılmamalı, vaxtında müdaxilə edilməlidir.

Polad Həşimov adına 28 saylı orta məktəbin təlim-tərbiyə işləri üzrə müavini Cəmalə Məmmədli bəzi yeniyetmələrdə cinayətə meyilliliyin uşaqlıqda yaranan travma ilə əlaqəli olduğunu dedi:

– Bu yaş dövründə uşaqlar daha çılğın olur, hisslərini idarə etməkdə çətinlik çəkirlər. Hər hansı bir söz onları özündən çıxarır və çox asanlıqla düzgün olmayan qərarlar verirlər. Onlar sanki özlərini böyümüş hesab edirlər.

Düşünürlər ki, verdikləri qərarların hamısı doğrudur. Problemin yaranmasına təkan verən əsas səbəblərdən biri də müasir texnologiyalar və sosial şəbəkələrdir. Bu gün yeniyetmələr bir-biri ilə əsasən sosial şəbəkələrdə tanış olurlar. Sonra sözləri üst-üstə düşməyəndə, çəp gələndə cinayətə əl atırlar. Travma ilə böyüyən uşaqlar adətən daha aqressiv olurlar. Bu da onlarda zorakılıq, təcavüz və ən əsası intihar hallarının baş verməsinə gətirib çıxarır.

Mütəxəssis uşaqlardakı aqressiyanın qarşısını almaq üçün valideynlərə övladları ilə mütəmadi ünsiyyətdə olmağı tövsiyə etdi:

– Məktəblilərin aqressiyasının qarşısının alınması sırf pedaqoq və psixoloq öhdəsinə buraxılacaq məsələ deyil. Valideynlər uşaqlarının dostları ilə maraqlanmalı, onların sosial şəbəkə hesabları, maraqları, əyləncələri haqqında məlumatlı olmalıdırlar. Müəllimlərlə daim əlaqə saxlamalı, “uşağı məktəbə göndərdim, vəssalam, işim bitdi” kimi qəbul etməməlidirlər. Uşaqlar həddi-buluğa çatana qədər valideyn, müəllim köməyinə ehtiyac duyurlar. Belə uşaqlara qarşı sərt cəzalar tətbiq etmək əvəzinə, onları cəmiyyətə qazandırmaq lazımdır.

Psixoloq Vəfa Fazilova isə yeniyetmələrin aqressiyasının kökündə dərin emosional boşluğun dayandığını bildirdi:

– Yeniyetməlik elə bir mərhələdir ki, bu dövrdə gənc öz kimliyini axtarır. Depressiya, anksiyete və özünə inamsızlıq kimi problemlər aqressiv davranışları artıran əsas səbəblərdəndir. Yeniyetmə ailədə anlayış, məktəbdə dəyərləndirmə, cəmiyyətdə qəbul görmədikdə onun içində qəzəb yaranır. Və bu qəzəb “məni gör” çağırışına çevrilir. Aqressiya çox vaxt güc yox, diqqət və dəyər aclığının səsidir. Əgər bu dövrdə gənc, özünü dəyərli hiss etmirsə, daxili güvənini itirirsə bu, onda aqressiv davranışlarla özünü göstərir. Yeniyetmələrin beynində prefrontal korteks (yəni düşüncə, qərar və özünə nəzarət mərkəzi) tam formalaşmadığı üçün onlar “emosional partlayışlara” və aqressiv davranışlara daha meyilli olurlar.

Uşaqlar ailədə necə davranış nümunəsi görürlərsə, onu modelləşdirirlər. Kiçik yaşlarda ailədə qışqırıq, təzyiq, laqeydliklə qarşılaşan uşaqlar elə düşünürlər ki, kim güclüdürsə, o haqlıdır. Beləcə, emosional ağrı “güc” maskası ilə örtülür. Valideyn gözləntiləri və sosial təzyiqlər də gəncdə daxili gərginlik yaradır.

Psixoloq daha sonra qeyd etdi ki, son illərdə yeniyetmələr arasında fiziki zorakılıq, xəsarət yetirmə hallarının yaranmasına səbəb həm psixoloji, həm də sosial-mədəni faktorlarla əlaqəlidir:

– Sosial şəbəkələr də burada həm katalizator, həm də model yaradan mexanizm kimi mühüm rol oynayır. Sosial şəbəkələrdə, videolarda və oyunlarda zorakılıq və aqressiya elementləri geniş yer tutur. Cizgi filmlərində belə bəzən şiddət səhnələri uşaqlarda aqressiv davranışlara səbəb olur. Bir çox yeniyetmə özünü ifadə edə bilmədikdə, sosial qəbul axtarışı onu kənar təsirlərə sürükləyir. Emosional dəstək və sevgi çatışmazlığı olan yeniyetmə özünü təsdiq etməyin yeganə yolunu kobud davranışlarda görür. Problemin həll yolu isə yeniyetmələrə və gənclərə tənə etmək, “sus” demək əvəzinə, onları dinləmək, emosional dəstək vermək, empatiya qurmaqla mümkündür.

Bütün bu sadalanan amillər göstərir ki, ölkəmizdə gənclərin layiqli vətəndaş kimi yetişməsi, onların sosial problemlərinin həlli, hüquqlarının etibarlı təminatı baxımından dövlət səviyyəsində bütün addımlar atılır. Lakin problemi həll etmək üçün bu, yetərli deyil. Son illərdə aparılan meta-analizlər və genişmiqyaslı araşdırmalar sübut edir ki, sosial şəbəkələr gənclərin psixologiyasına mənfi təsir göstərir.

Burada idealizə olunmuş həyat tərzinin təqdimatı, vizual filtrlərlə dəyişdirilmiş görüntülər yeniyetmələrdə depressiya, psixoloji stres hallarını artırır. Mütəxəssislər hesab edirlər ki, kütləvi informasiya vasitələrində kriminal, bayağı, qeyri-etik ifadələrlə dolu materialların yayımlanmasının qarşısı alınar, valideynlər övladlarının üzərində nəzarəti gücləndirərlərsə, problemi kökündən həll etmək mümkündür. Unutmamalıyıq ki, uşaqlar bizim gələcəyimizdir və biz bu gələcəyi layiqincə qorumalıyıq.

Elenora HƏSƏNOVA
XQ

Chosen
61
1
xalqqazeti.az

2Sources