EN

Tramp Qazaxıstanın “Avraam sazişlərinə” qoşulduğunu elan edib

Astana ABŞ-nin təşəbbüsü ilə imzalanmış sülh sazişlərinə qoşulan ilk müsəlman ölkələrdən biri oldu...

Poliqon xəbər verir ki, Qazaxıstan “Avraam sazişlərinə” qoşulub və bununla da ABŞ prezidenti Donald Trampın ikinci prezidentlik dövründə bu qərarı verən ilk ölkə olub. Tramp bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığından sonra məlumat verib.

“Avraam sazişləri” 2020–2021-ci illərdə ABŞ-ın vasitəçiliyi ilə İsrail və bir sıra ərəb ölkələri – o cümlədən Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeş arasında imzalanmış sülh razılaşmalarının ümumi adıdır. Bu sazişlərin məqsədi diplomatik əlaqələrin normallaşdırılması, iqtisadi, texnoloji və müdafiə əməkdaşlığının genişləndirilməsidir.

Qazaxıstan mənim ikinci prezidentlik dövrümdə ‘Avraam sazişlərinə’ qoşulan ilk ölkədir və bu, dünyada körpülər salmaq istiqamətində mühüm addımdır. Bu prosesə daha bir çox ölkələrin də qoşulacağına əminəm”, deyə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

ABŞ lideri əlavə edib ki, sazişin rəsmi imzalanma mərasimi barədə məlumat yaxın zamanda açıqlanacaq.

Sonradan jurnalistlərə açıqlama verən Tramp Qazaxıstana səfərinin “tamamilə mümkün” olduğunu deyib. O, ölkəni “zəngin təbii sərvətlərə malik və uzaqgörən rəhbər tərəfindən idarə olunan dövlət” adlandırıb.

Axios nəşrinin yazdığına görə, yüksəkvəzifəli ABŞ rəsmiləri Qazaxıstanın bu addımını “simvolik, lakin mühüm” jest kimi qiymətləndiriblər. Onların sözlərinə görə, bu qərar Vaşinqtonun “Avraam sazişləri”ni Yaxın Şərq və Müsəlman dünyası ilə dialoqu genişləndirmək üçün qlobal diplomatik platformaya çevirmək niyyətini bir daha təsdiqləyir.

Poliqon.info

Chosen
54
poliqon.info

1Sources