EN

Saxta pasportla Azərbaycana gələn Şri-Lanka vətəndaşına hökm oxunub

BAKI, 7 noyabr. TELEQRAF

Saxta pasportla Azərbaycana gələn Şri-Lanka vətəndaşı “Heydər Əliyev” Beynəlxalq Aeroportunda saxlanılıb. Onun saxta sənədi 10 min dollara aldığı məlum olub.

Teleqraf xəbər verir ki, 1993-cü il təvəllüdlü Şri-Lanka vətəndaşı Sıvaloganathan Pirathapan hava limanında sərhəd nəzarəti məntəqəsində saxlanılıb.

Yoxlama zamanı onun təqdim etdiyi pasportun saxta olduğu müəyyən edilib. İstintaqla müəyyən olunub ki, Sıvaloganathan Pirathapan Avropa ölkələrindən birinə getmək məqsədilə saxta Malaziya pasportu əldə edib. O, bu sənədi tanımadığı şəxslərdən 10 min dollar qarşılığında aldığını etiraf edib.

Pirathapan pasportu əldə etdikdən sonra Azərbaycana gəlib. Məqsədi buradan başqa bir xarici ölkəyə səfər etmək olub.

Dövlət Sərhəd Xidmətinin əməkdaşları onun pasportunu yoxlayarkən sənədin saxta olduğunu müəyyənləşdiriblər.

Məhkəmədə ifadə verən Sıvaloganathan Pirathapan əməlindən peşman olduğunu bildirib və barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə Sıvaloganathan Pirathapan 7 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzasını başa vurduqdan sonra o, məcburi qaydada Azərbaycan Respublikasının hüdudlarından çıxarılacaq.

Chosen
41
teleqraf.com

1Sources