EN

Qalib olmaq

525.az saytına istinadən ain.az xəbər verir.

Kamalə ABİYEVA

"Qələbə" sözü necə gözəl duyğular yaradır. Qalib olmaqdan gözəl nə var?! Adicə dərs prosesində təkrar və ya mövzuyla bağlı sorğu keçirirsən, "kim birinci olacaq" deyə. Birincilik, yəni qalib olmaq uğruna mübarizə başlayır. Qalibin üzündəki ifadə yaşamaq gücü verir, sabaha aparır, inam yaradır. Qalib olmaq ağrılardan, ağırlıqdan qurtulmaqdır. Qalib olmaq zəncirləri qırıb atmaqdır. Qələbə namərdlik edən, vəhşiliyi ağla sığmayan, illər, əsrlər boyu torpağına göz dikən düşməndən torpaqlarını almaqdır. Belə düşmənin varsa, qələbə asan olmayacaq, qurbanlar verəcəksən. Canından keçməyə hazır olacaqsan. Vətən savaşının igidləri kimi: Ərənlərim... Sizdən sonra yağış yağır... Sizdən sonra dayanmır yağış, dəyişib yağış da... Ana, ata, bala, sevgili səsi var yağışda. Sizdən sonra danışır yağış. Sizdən sonra çoxalıb yağış. Arzulara hopub qarışır torpağa Azadlıq ətri gəlir torpaqdan...

Azadlıq ətri nə gözəldir. İşğalda olan torpaqların azadlığı ruhun azadlığıdır elə bil. Var olmanın azadlığıdır. Müharibələri insanların insanlığa xəyanəti hesab edirəm əslində. Kaş ki, insanlıq, sülh qalib olaydı. Amma qonşun xaindirsə, torpağına göz dikirsə, silahı yerə qoymayacaqsan. Ləyaqətini ləyaqətsizdən qoruyacaqsan. Qonşun xaindirsə, unutmayacaqsan xəyanətlərini. Unutmayacaqsan! Namərdlə qonşusansa, ayıq-sayıq olacaqsan! Əslində yaşadıqlarımız unutqanlığımızın cəzasıdır. Erməni xəyanəti, vəhşiliyi əsrlərin yaddaşıdır artıq. Tariximizdir. Öyrəndikcə onlara deyil, özümüzə heyrət edirəm. Necə bu qədər unutqan ola bilmişik? Bu qədər bağışlamışıq? Güzəştə getmişik. Hər şeyi unutmaq, həmişə bağışlamaq olmur. Bağışlamağın sonucu həmişə böyüklük deyil. İllərdir dövlətimizin rəhbəri Ali Baş Komandan sülh yolu ilə, danışıqlarla, bütün insani qanunlarla Ermənistanın işğal etdiyi torpaqlarımızdan çıxmasına çalışırdı. İllərdi atəşkəsi qorumağa çalışırdı dövlətimiz.

Müharibənin fəlakət olduğunu bilirik. Amma fəlakət qonşundursa, bir gün səbrin daşar və yumruğun qalxar, dəmirə dönər, düşmənin başına enər. Nə yaxşı ki, bu, güclü olmanın göstəricisi deyil, bu, haqqını qorumaqdır, ədaləti, həqiqəti qorumaqdır. Bu, həm də güclü olmağın göstəricisidir. Nə olursa olsun, dövlətini qorumalısan, torpağını qorumalısan.

Adın gələndə nəfəsim dayanır Vətən. Sənin uğruna yaşamaqdan gözəl nə var?! Səni azad görməkdən ötə nə olar?! Torpaqlarını xainlərin xəyanətindən azad etməkdən uca hansı qəhrəmanlıq var?! Bunu yaşamaqdan üstün hansı duyğu var?! Sənin uğruna Qalib olmaq müqəddəslikdir! Qələbə günü müqəddəsdir. Qələbən mübarək əziz xalqım! Müqəddəs günün mübarək!

Yurdum

Azərbaycan, Ulu yurdum

Qələbədir sənin adın,

Bu adını yaşadacaq

Yenilməyən məğrur Ordun.

Azərbaycan, igidlərin torpağına and içdilər.

Düzlərinə, çöllərinə qələbədən don biçdilər.

"Əziz Şuşa, sən azadsan,

Sən azadsan, Qarabağım"

deyən səsin sədasında

gülümsəyir bu torpağın.

Azərbaycan, gözün aydın,

Əbədidir Zəfər günün.

Bu dünyanı heyran qoydu

Qalibiyyət təbəssümün.

Bu qələbən, bu zəfərin ədalətin zəfəridir,

Əsrlərdən keçib gələn həqiqətin zəfəridir.

Zəfər yolu dünənimin bu günümə heyrətidir,

Bu qələbən, Zəfər günün tariximin həsrətidir.

Zəfər günü!

Tarixindən işğal sözün pozanların,

Qələbənin tarixini yazanların,

Adım vətən deyənlərin şad günüdür,

bayrağını geyənlərin ad günüdür!

Ədalətin qələbəsi

Qələbə bayramı, zəfər günüdür,

Yenilməz qüdrətli Azərbaycanım.

Haqqın, ədalətin hünər günüdür,

İgidlər sərvətli Azərbaycanım.

Arpların məskəni, ey odlar yurdu

Səni sevənlərin adı vətəndi.  

Mübariz hikmətlər, poladlar yurdu

Sənli sabahların dadı vətəndi.

Adın and yerimiz, səcdəgahımız

azadlıq ətirli torpağın kimi.

Şöhrətin günbəgün ucalır vətən

Azadlıq çətirli bayrağın kimi.

Ətrinə qarışır xarıbülbülün

"Sən azadsan əziz Şuşa" sədası.

Tarixinə yazdı qələbə günü 

"Sən azadsan" deyən səsin nidası.

Azərbaycan, əsrləri heyran qoyan,

qayalarda çiçək açan ərənlərin

Ölmək üçün yaşayan yox,

yaşamaqçün ölənlərin,

Səni ana bilənlərin,

azadlığın havasına dönənlərin diyarısan.

Zəfər günün həqiqətin zəfəridir,

Vətən dolu ürəklərdə məhəbbətin zəfəridir.

Sevgilərin ən gözəli

Sən sevgiyə heyrətimsən.

səni bütün varlığımda ruhum kimi daşıyıram

ölüm nədi bilmirəm ki,

ölmürəm ki, torpağınla yaşayıram.

Neçə dərdli gecələrin işıq dolu səhərisən

əsrlərdən keçib gələn ağrılara zəfərimsən.

Sənə canım demirəm ki, ana vətən.

Canımdan mənə əzizsən.

Axı Candan qurban olur

Tək vətəndən qurban olmur.

öz sevgimlə

yağış kimi düzlərinə yağardım mən.

Bacarsaydım səni elə qarış-qarış

ürəyimə yığardım mən.

Azərbaycan məmləkətim!

Səni sevmək səadətim.

Səni sevmək heç vaxt səndən doymamaqdı.

yerə göyə sığmamaqdı.

Səni sevmək hər an səni qorumaqdı.

Azərbaycan Məmləkətim.

Səni sevmək səadətim, ay gözəlim.

Səni sevmək sevgilərin ən gözəli.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
29
525.az

1Sources