
Gürcüstanın Baş Prokurorluğu keçmiş prezident Mixail Saakaşvili və bir neçə müxalifət liderinə qarşı təxribat fəaiyyətləri və hökumətin devrilməsi çağırışlarına görə cinayət işi açıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Gürcüstanın baş prokuroru Giorgi Qvarakidze brifinqdə bildirib.
Onun sözlərinə görə, dövlət əleyhinə cinayət törətmək, xarici dövlətə düşmənçilik fəaliyyətinə kömək etmək, konstitusiya quruluşuna və milli təhlükəsizliyin əsaslarına qarşı fəaliyyətləri maliyyələşdirmək və konstitusiya quruluşunun və ya dövlət hakimiyyətinin zorakılıqla dəyişdirilməsinə çağırış etmək cinayətlərinə görə, Mixail Saakaşvili, Giorgi Vaşadze, Nika Qvaramiya, Nikanor Meliya, Zurab Qirçi Caparidze, Elene Xoştariya, Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı cinayət işi açılıb.
Baş prokurorun qeyd etdiyi kimi, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Gürcüstan hakimiyyəti ölkədə sülhü qorumaq üçün Rusiyaya qarşı sanksiyalar tətbiq etməmək qərarına gəlib. Eyni zamanda, müxalifət xadimləri Xoştariya, Caparidze və Vaşadze xarici hökumət nümayəndələrinə Gürcüstana neft məhsullarının idxalı, eləcə də İranın pilotsuz təyyarələrinin Rusiyaya çatdırılması üçün Gürcüstanın hava məkanından istifadə edilməsi barədə hesabat verməyə başlayıblar.
Nəticədə, hökumət rəsmiləri də daxil olmaqla 300-ə yaxın Gürcüstan vətəndaşına qarşı beynəlxalq sanksiyalar tətbiq edilib.
Bundan başqa, prokurorluğun məlumatına görə, müxalifət 2024-cü ilin oktyabrında keçirilən parlament seçkilərində məğlub olduqdan sonra Caparidze, Vaşadze, Xoştariya, Qvaramiya, Meliya, Xazaradze və Caparidze vəziyyəti radikallaşdırmaq üçün etiraz aksiyaları təşkil etməyə başlayıblar. Onlar inqilaba və hökuməti devirməyə çağırıblar. Saakaşviliyə gəlincə, o, sosial şəbəkələr vasitəsilə əhalini qanunsuz hərəkətlərə, hökumət binalarını blokadaya almağa çağırıb.
Saakaşvili Cinayət Məcəlləsinin konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə və ya hökumətin devrilməsinə çağırış maddəsi ilə, Caparidze və Vaşadze isə təxribat törətmək və xarici dövlətə düşmənçilik fəaliyyətinə kömək etmək maddəsi də ittiham olunacaqlar.
Xoştariya təxribat törətməkdə və bu məqsədlə maddi vəsait toplamaqda, habelə xarici dövlətə düşmənçilik fəaliyyətində kömək etməkdə, Qvaramiya, Meliya, Xazaradze və Caparidze isə təxribatda ittiham ediləcəklər.
Qvarakidzenin qeyd etdiyi kimi, prokurorluq həbs-qətimkan tədbiri kimi Xazaradze və Caparidzenin zaminə buraxılmasını tələb edəcək.