EN

Filippində tayfun fəlakəti nəticəsində ölənlərin sayı artıb

BAKI,TurkicWorld, Nailə Babazadə

Filippində Sakit okeandan gələn “Kalmaegi” tayfununun səbəb olduğu güclü külək və daşqınlar nəticəsində ölənlərin sayı 114 nəfərə yüksəlib.

TurkicWorld xəbər verir ki, Filippin Xəbər Agentliyinin (PNA) məlumatına görə, Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Şurası (NDRRMC) tayfunun yol açdığı dağıntılar və qəzalarla bağlı açıqlama yayıb.

Məlumatda bildirilib ki, ölkə daxilində “Tino” adlandırılan “Kalmaegi” tayfunu nəticəsində ölənlərin sayı 114 nəfərə çatıb.

Hazırda 127 nəfərin itkin düşdüyü və onların axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd olunub.

Rəsmi məlumatlara görə, ölkə üzrə 5 mindən çox yaşayış məntəqəsində 1 milyon 951 mindən artıq insan təbii fəlakətdən zərər çəkib, 4 min 933 təxliyə mərkəzində isə 127 mindən çox ailə müvəqqəti sığınacaq tapıb.

Filippin Prezidenti Ferdinand Marcos Jr. fəlakətlə bağlı keçirdiyi müşavirədə ölkədə “fövqəladə vəziyyət” elan edildiyini bildirib.

Prezident qeyd edib ki, bu qərar hökumətə fövqəladə müdaxilə imkanlarını genişləndirmək və təcili yardım fondlarını daha sürətli şəkildə bölgələrə çatdırmaq imkanı verəcək.

Xatırladaq ki, 2013-cü ilin noyabrında Filippini vuran “Haiyan” tayfunu nəticəsində 7 min 300-dən çox insan həlak olmuşdu.

Chosen
36
turkic.world

1Sources