EN

Ərəb Koordinasiya Qrupunun Bakı müzakirəsi

ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Ərəb Koordinasiya Qrupunun yüksək səviyyəli dəyirmi masası keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ərəb Koordinasiya Qrupuna daxil olan institutlarla səmərəli tərəfdaşlıq əlaqələri qurulduğunu vurğulayıb. Bildirilib ki, İslam İnkişaf Bankı və OPEC Fondu ölkəmizdə dayanıqlı inkişaf, sosial rifahın artırılması və iqtisadi infrastrukturun gücləndirilməsi üzrə layihələrin maliyyələşdirilməsində iştirak edib, həmçinin Qrupa daxil olan digər üzv qurumların ölkəmizdə həyata keçirilən layihələrə qoşularaq Azərbaycanın sosial-iqtisadi tərəqqisinə töhfələr veriblər.

İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir Azərbaycan və ƏKQ arasında möhkəm tərəfdaşlığı qeyd edib, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. OPEC Fondunun prezidenti Əbdülhəmid Əl-Xəlifə Fondun Azərbaycanla əlaqələrinin möhkəm etimada əsaslandığını vurğulayıb. Enerji, nəqliyyat, su təchizatı, kənd təsərrüfatı sahələrində işbirliyi qeyd edilib. Əbu-Dabi İnkişaf Fondunun Baş direktoru Məhəmməd Saif Əl-Süveydi bildirib ki, son illər Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında güclü iqtisadi tərəfdaşlıq münasibətləri formalaşıb və birgə layihələrin həyata keçirilməsi bu əlaqələrin daha da möhkəmlənməsinə, qarşılıqlı iqtisadi əməkdaşlığın dərinləşməsinə töhfə verəcək. Səudiyyə İnkişaf Fondunun Baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşad Azərbaycanla dostluq və etimada əsaslanan tərəfdaşlığın mövcud olduğunu qeyd edib. Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun Baş direktoru vəzifəsini icra edən Valed Əl-Bahar Fondun əsas missiyasının üzv ölkələrin və tərəfdaş dövlətlərin iqtisadi və sosial inkişafına dəstək vermək olduğunu bildirib.

Dəyirmi masa çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov, “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq dayanıqlı inkişaf, şəhərsalma, su ehtiyatlarının idarə edilməsində səmərəliliyin artırılması, nəqliyyat infrastrukturunun modernləşdirilməsi ilə bağlı layihələr barədə məlumat veriblər. Dəyirmi masa çərçivəsində perspektiv layihələrlə bağlı təqdimatlar nümayiş etdirilib.

Dəyirmi masa çərçivəsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Ərəb Koordinasiya Qrupunun üzvləri arasında Niyyət Bəyannaməsi” imzalanıb. Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir, OPEC Fondunun prezidenti Əbdülhəmid Əl-Xəlifə, Əbu-Dabi İnkişaf Fondunun Baş direktoru Məhəmməd Saif Əl-Süveydi, Səudiyyə İnkişaf Fondunun Baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşad və Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun Baş direktoru vəzifəsini icra edən Valed Əl-Bahar imzalayıblar.

Niyyət Bəyannaməsinə əsasən tərəflər “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlər” sənədinə uyğun olaraq, Azərbaycan Respublikasında infrastruktur layihələrinə Ərəb Koordinasiya Qrupunun üzv qurumları tərəfindən güzəştli maliyyələşmə imkanlarının cəlb olunması istiqamətində əməkdaşlığın genişləndirilməsi niyyətlərini ifadə ediblər. Sənəd, həmçinin məlumat və təcrübə mübadiləsinə əsaslanan əməkdaşlığın təşviqini nəzərdə tutur.

Daha sonra “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Əbu-Dabi İnkişaf Fondu arasında Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Əbu-Dabi İnkişaf Fondunun Baş direktoru Məhəmməd Saif Əl-Süveydi imzalayıblar.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
13
xalqqazeti.az

10Sources