Bu gün Televiziya və Radio Günüdür...
Müəllif: İlkin Məmmədkərimov
Hər insanın həyatında yolunu dəyişən biri olur. Bir cümləsi ilə, bir baxışı ilə, bir dərsi ilə…
Mənim həyatımda bu rolu oynayan, məni jurnalistikaya gətirən insan - Almaz müəllimədir...
Bu gün Televiziya və Radio Günüdür, amma mənim üçün bu gün bir az da fərqlidir. Çünki bu gün mənim həyatımda iz qoymuş, peşə yolumu işıqlandırmış bir qadını xatırlamaq, ona ürəyimdən gələn sözləri demək günüdür.
Almaz xanım haqqında çox rəsmi cümlələr yazmaq olar: BDU-nun jurnalistika fakültəsini bitirib, filologiya üzrə fəlsəfə doktorudur, onlarla elmi məqalənin müəllifidir, Azadlıq Radiosu, İnternyus, BBC, İTV, Space TV… və hazırda AZTV Akademiyasının rektorudur. Amma onu təkcə bu titullarla tanımaq, vallah, azdır.
O, sadəcə bir müəllim deyil.
Sadəcə bir jurnalist deyil.
Sadəcə bir alim də deyil.
O, Allahın Azərbaycan televiziyasına verdiyi bir sərvətdir.
Onun dərsə daxil olduğu an auditoriyada bir hava dəyişirdi, sanki efir intonasiyası ilə nəfəs alırdıq. O danışanda ən çox da insani istilik hiss olunurdu.
Onun yanında jurnalistika quru qaydalar, darıxdırıcı terminlər deyil, bir sevgi, bir tutqu, bir həyat tərzi kimi görünürdü. Mənim jurnalistikada ilk müəllimimdir Almaz xanım.
O, tələbəyə “sən bacararsan” deməyi bacarır.
O, insanın içindəki işığı görür.
Və ən önəmlisi, həmin işığı böyütməyi bilir.
Çox adam televiziya haqqında danışır, amma çox az adam televiziyanın ruhunu daşıyır.
Bu gün ona təkcə bayram təbriki deyil, bir təşəkkür borcum var: Məni jurnalist edən, sözə hörmət öyrədən, efirin nə olduğunu sevdirən üçün – təşəkkür edirəm, Almaz xanım.
Siz mənim üçün sadəcə müəllim deyilsiniz — siz efirin nəfəsisiniz, bu sahənin yaddaşısınız, bu ölkənin media mədəniyyətinə verilmiş ən böyük bəxşişlərdən birisiniz.
Bayramınız mübarək, Almaz xanım.
Sizin kimi insanlar olduğu üçün bu peşə hələ də öz dəyərini qoruyur.
Poluqon.info