EN

Yeni nəsil yeni iqtisadi körpülər qurur

Avrasiyanın gənc iş adamlarının Bakıda bir araya gəlmələri təsadüfi deyildi

Bakıda gənclərin təşəbbüskarlığını, biznes bacarıqlarını və regional əməkdaşlıq imkanlarını ön plana çıxaran Avrasiya Gənc İş Adamları Forumu (EYBF2025) keçirilib. Tədbir "Gənc MÜSİAD"ın təşkilatçılığı, Türkiyənin Prezident Administrasiyasına bağlı İnvestisiya və Maliyyə Ofisinin, Türkiyə Cümhuriyyəti Gənclik və İdman Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə həyata keçirilib. Tədbirdə 50 ölkədən 3000-dən çox gənc sahibkar iştirak edib.

Forum ölkəmizin gənc sahibkarlarını Avrasiya regionunun digər ölkələrindən olan həmyaşıdları ilə bir araya gətirərək, təcrübə mübadiləsinə, innovasiya ideyalarının paylaşılmasına və yeni əməkdaşlıq imkanlarının yaradılmasına şərait yaradıb. Tədbir çərçivəsində gənc iş adamları biznes strategiyaları və investisiya imkanlarını müzakirə edib, gücün, elmin və ideyaların birliyini ortaya qoyub, gələcəyə inam dolu addımlar atıblar. Qeyd edək ki, "Gənc MÜSİAD" gənclərin təşəbbüskarlığını dəstəkləyən və regionda nüfuz qazanmış beynəlxalq əməkdaşlıq platformalarında iştirak edən bir təşkilatdır. 2002-ci ildə qurulan "Gənc MÜSİAD" bu gün Türkiyənin 55 və dünyanın 40 müxtəlif nöqtəsində nümayəndəlikləri ilə fəaliyyət göstərir. Qurum milli və mənəvi dəyərlərə bağlı, müasir düşüncəli, peşəkar, rəhbərlik qabiliyyətinə malik gənc iş adamları və sahibkarların birgə işləmək, dəstək olmaq, təcrübələrini bölüşmək və sosial-iqtisadi səviyyələrini yüksəltmək üçün yaradılmış bir platformadır. Müstəqil Sənayeçilər və İş Adamları Assosiasiyasının (MÜSİAD) təcrübəsindən bəhrələnərək, gənc sahibkarlara "yüksək əxlaq və yüksək texnologiya" anlayışını təbliğ edir. Gənclərin gücünü, enerjisini və inamını birləşdirən, sabahın sahibkarlarını yetişdirən bir ideya ocağıdır. 

Azərbaycanda gənclərin inkişafa cəlb olunması yalnız fərdi təşəbbüslərlə məhdudlaşmır, dövlət tərəfindən də bu sahəyə xüsusi diqqət yetirilir. Müvafiq proqramlar və strategiyalar gənclərin potensialını üzə çıxarmağa, onların bilik və bacarıqlarını artırmağa, eyni zamanda sahibkarlıq ruhunu dəstəkləməyə yönəldilib. Bu yanaşma ölkədə gənc nəslin sosial və iqtisadi sahədə fəal rol oynamasına imkan yaradır. Sirr deyil ki, Azərbaycanda gənclər siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev onu uğurla davam etdirir. Həmin siyasət çərçivəsində ölkədə innovasiya və sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir. Bu məqsədlə müxtəlif forum və tədbirlər təşkil olunur. Məsələn, KOBİA bu günə qədər gənclər üçün dörd forum keçirib. Belə tədbirlər gənc sahibkarların bilik və bacarıqlarını artırır, onların beynəlxalq aləmdə tanıdılmasında və əlaqələr qurmasında mühüm rol oynayır.

Forumda məhz bu məsələ haqqında çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov vurğulayıb ki, Azərbaycan bu gün gənclərin təşəbbüskarlığına inanır və buna dəstək verir: "KOBİA gənclərin dəyişiklik yaratmaq potensialına inanır. Çünki hər bir təşəbbüs ölkəmizin sabahına qoyulan bir investisiyadır. Gənclər öz ideyalarına inanırsa, artıq qalib hesab olunurlar. Bu forumun ən başlıca məqsədi yalnız əlaqələr qurmaq deyil, bir ruh, gələcəyə doğru istiqamət yaratmaqdır. Bu, dürüstlük əməksevərlik və halal qazanc ruhudur. İstiqamət isə Avrasiyada dayanıqlı, ədalətli və yaradıcı sahibkarlığın inkişaf yoludur". Orxan Məmmədovun sözləri gənclərin təşəbbüskarlığının Azərbaycanda nə qədər strateji əhəmiyyət daşıdığını bir daha ortaya qoyur. 

Dürüstlük, əməksevərlik və halal qazanc prinsipləri isə tədbirin əsas mesajını təşkil edib. Bu dəyərlər bütövlükdə Avrasiya regionunda dayanıqlı, ədalətli və yaradıcı biznes mühitinin təməl daşıdır. Belə forumlar gəncləri biznes bacarıqları ilə "silahlandırır", üstəlik də onlarda təşəbbüskarlıq və innovasiya ruhu formalaşdırır, ölkəmizin iqtisadi və sosial inkişafına töhfə verməyə hazırlayır. Bu tip təşəbbüslər gənclərin öz ideyalarını həyata keçirməsinə şərait yaradır, onları yalnız sahibkar kimi deyil, həm də cəmiyyət üçün məsuliyyət daşıyan və gələcəyə yönəlmiş liderlər kimi yetişdirir. Bu mənada "Gənc MÜSİAD" əsas məqsəd olaraq Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələri gənc nəsil vasitəsilə gücləndirməyi müəyyənləşdirib.

Türkiyənin gənclər və idman nazirinin müavini Enes Eminoğlu çıxışında sözügedən məsələyə toxunaraq vurğulayıb ki, gənc sahibkarların region ölkələri arasında iqtisadi körpü rolunu oynaya bilməsi üçün belə forumlar mühüm platformadır: "İki qardaş ölkə arasındakı münasibətlər son illərdə ən yüksək zirvəyə yüksəlib. Azərbaycanın Türkiyə ilə yaxın dostluq münasibətləri, hər iki ölkənin dövlət başçılarının ortaya qoyduğu iradə fəaliyyətimizi daha da dərinləşdirir".

"MÜSİAD Azərbaycan" İctimai Birliyinin sədri Rəşad Cabirli, "Gənc MÜSİAD"ın sədri Mağsun Usta Avrasiya Gənc İş Adamları Forumunun gənc investorlar, sahibkarlar və iş dünyası üçün mühüm platforma olduğunu vurğulayıblar. Tədbir onu da göstərdi ki, dünyanın iqtisadi tarazlığı dəyişdikcə, Avrasiyada gənclər yeni dövrün fəal iştirakçıları olmağa can atırlar. Çünki materik təbii sərvətləri ilə yanaşı, insan resursları, xüsusən də gənc sahibkarları ilə yüksəlişdədir. Forum onların potensialını ortaya qoyub. Burada irəli sürülən hər fikir, qurulan hər əməkdaşlıq Avrasiyanın gələcəyində öz izini qoyacaq. 

Bir ölkənin və ya bir sahibkarın gücü artıq yalnız malik olduğu resurslarla ölçülmür. Onun əsl gücünü yarada biləcəyi tərəfdaşlıqlar müəyyən edir. Sahibkarlıq bir peşə və sivilizasiya formasıdır. İstehsal etmək, paylaşmaq və çatdırmaq mədəniyyətin iqtisadi və mənəvi təzahürləridir. Bu gün Avrasiya gənclərini birləşdirən coğrafiya deyil, ortaq dəyərlər, etimad və gələcəyə inam hissidir. Onlar ticarət, texnologiya və təhsil sahəsində təşəbbüskar olduqca, öz ölkələrinin, bütövlükdə Avrasiya regionunun rifahına fayda gətirə bilərlər. Bu kontekstdə Azərbaycan gənclərinin də gücü ideyalarda, əməkdaşlıqda və gələcəyə inamdadır və bu, Avrasiya Gənc İş Adamları Forumunda özünü tam şəkildə göstərdi. Gənclər burada təcrübələrini paylaşdı, yeni tərəfdaşlıqlar qurdu, milli və regional səviyyədə forumun hərəkətverici qüvvəsi və təşəbbüskarı rolunu oynadılar.

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

1Sources