Azərbaycan parlamentində 2026-cı ilin dövlət büdcəsi layihəsi və ona əlavə olunan digər sənədlərin müzakirəsi başlayıb. Hələlik komitələr səviyyəsində gedən müzakirələrdə hökumətin yüksək vəzifəli nümayəndələri iştirak edərək, müxtəlif məsələlərlə bağlı izahatlar verirlər.
Aparılan müzakirələrdən aydın olur ki, cəmiyyəti ən çox maraqlandıran büdcə paketində vergi qanunvericiliyinə ediləcək dəyişiklikləri nəzərdə tutan qanun layihəsidir. Layihəyə əsasən, 2026-cı ildən etibarən fiziki şəxslərin əməkhaqqından gəlir vergisinin tutulması qaydası bərpa olunur. 2018-ci ildə 7 illiyə bu vergidən azad olunan özəl sektorda çalışan şəxslər yeni ildən 2500 manata qədər olan əməkhaqqının 3 faizi həcmində vergi ödəməli olacaqlar. 2027-ci ildə bu ödəniş 5 faizə, 2028-ci ildə isə 7 faizə qədər artacaq. Beləliklə, Azərbaycanda daimi gəlir vergisi 2 500 manata qədər 7 faiz, 2500-8 000 manata qədər 10 faiz, 8 min manatdan yuxarı isə 14 faiz olaraq müəyyən olunacaq.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, Azərbaycanın qeyri-neft-qaz özəl sektorunda əməliyyatların mərhələli şəkildə vergiyə cəlb edilməsi ilə bağlı təkliflər təqdim olunub. Nazirin sözlərinə görə, aşağı vergi yükü tətbiq etməklə qeyri-neft-qaz özəl sektorda əməliyyatların tədricən, mərhələli şəkildə vergiyə cəlb olunması barədə təkliflər hazırlanıb: “Bu, asan müzakirə mövzusu olmayıb. Müxtəlif baxışlar mövcud idi, lakin təqdim olunan sənəd nəticə etibarilə vahid mövqeni əks etdirir”.
M.Cabbarov bildirib ki, vergi islahatlarının davamı olaraq, iqtisadi artımın və şaxələnmənin dəstəklənməsi, şəffaflığın artırılması məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib: “Layihədə bir sıra stimullaşdırıcı mexanizmlər nəzərdə tutulur. Belə ki, investisiya mühitinin və sahibkarlığın təşviqi məqsədilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə işğaldan azad edilmiş ərazilər üçün tətbiq edilən eyni vergi güzəştlərinin verilməsi təklif olunur; nəqliyyat sektorunda avtobus və yük avtomobillərinin istehsalının stimullaşdırılması planlaşdırılır; balıqyetişdirmə fəaliyyəti kənd təsərrüfatı sektoruna daxil edilərək bu sahəyə mövcud tamhəcmli güzəştlərin şamil edilməsi nəzərdə tutulur; nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə ictimai iaşə sektoruna vergi güzəştləri və dərəcələrin azaldılması təklif edilir.
Bununla yanaşı, ƏDV qeydiyyat həddi 200 min manatdan 400 min manata qaldırılacaq".
Nazir həmçinin vurğulayıb ki, son illərdə həyata keçirilən vergi islahatları çərçivəsində əmək münasibətlərinin leqallaşdırılmasına yönəlmiş əməkhaqqı islahatı əmək bazarının şəffaflaşmasında mühüm nəticələr verib: “Belə ki, qeyri-neft-qaz özəl sektorda 8 000 manata qədər olan əməkhaqları gəlir vergisindən azad edildikdən sonra 2019-cu il yanvarın 1-dən 2025-ci il oktyabrın 1-dək bu sektorda əmək müqavilələrinin sayı 471 min artaraq 1 milyonu ötüb, ümumi əmək müqavilələri içində payı 38,5 faizdən 54,1 faizə yüksəlib. Bunun fonunda 2018-2024-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində büdcədən edilən transfertlərin payı 35,6 faizdən 17,5 faizə enib”.

Rövşən Ağayev
İqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, işğaldan azad olunmuş ərazilərdə tətbiq edilən vergi güzəştləri yalnız Naxçıvana deyil, bütün ölkə ərazisinə şamil olunmalıdır: “İşğaldan azad edilmiş ərazilər üçün vergi güzəştləri eynilə 2026-cı ildən Naxçıvan MR-ə də aid ediləcək. 2033-cü ilədək qüvvədə olan güzəştlər biznesi demək olar ki, bütün vergilərdən azad edir.
Bu güzəştlərin hər 2 bölgədə hansı iqtisadi nəticələrə gətirib çıxaracağına dair dərin və elmi yükü olan bir araşdırma olduğuna əmin deyiləm. Əgər varsa, 10 və 20 il sonra bu bölgələrin iqtisadiyyatı üçün pronozlaşdırılan göstəriciləri, hər 2 bölgənin ölkə iqtisadiyyatına verəcəyi töhfələri cəmiyyət üçün də açıqlamaq olar. Vergi güzəştləri təkbaşına iqtisadi inkişafı təmin edə biləcək alət deyil. İqtisadi azadlıqların və sağlam rəqabətin, mülkiyyət hüququna təminatların, effektiv yerli idarəetmənin olmadığı şəraitdə təkbaşına vergi güzəştləri nəticə vermir.
Əksinə, qeyd elədiyim ayaqların olmadığı, üstəgəl, şəffaflıq və hesabatlılığın, müstəqil media və vətəndaş cəmiyyətinin olmadığı şəraitdə bu cür güzəştlər çox dar iqtisadi qruplara öz sərvətlərini daha da artırmaq üçün göydəndüşmə imtiyaza, mükafata çevrilir. Bir çox hallarda bölgələrarası sosial-iqtisadi bərabərsizliyi daha da dərinləşdirir.
Əgər ölkə daxilində olan sərbəst resursları bu bölgələrə həvəsləndirməkdən söhbət gedirsə, nisbətən aşağı vergi yükü ilə bütün bölgələrə münasibətdə bu addımı atmaq olar. Bu güzəştlər yüksək texnoloji və əlavə dəyər yaradan istehsal və xidmət üçün cəlbedici olacaqsa, nəticəsi olacaq. Əgər təkbaşına vergi güzəşti ilə iqtisadi inkişafa nail olmaq mümkün idisə, bölgələr üçün 2 faizlik 20 il sadələşdirilmiş vergi qüvvədə oldu. Ən azından bölgələrdə kiçik sahibkarlıq bunun sayəsində inanılmaz inkişaf gösərə bilərdi".
İqtisadçının fikrincə, bütün ölkə ərazisində kiçik biznesə yönəlik vergi güzəştləri tətbiq olunmalıdır: “Azərbaycanda qeyri-neft sektorunun inkişafına hədsiz böyük ehtiyacın olduğu bir vaxtda kiçik, xüsusən istehsal fəaliyyəti ilə məşğul olan mikrosahibkarlıq subyektlərinin imtiyazlı vergi rejimindən məhrum buraxılması kobud səhv idi. Söhbət 3 nəfərdən az muzdlu işçisi olan biznes subyektlərinin 5 faizlik gəlir vergisi ödəmək imkanını itirməsindən gedir. Məsələn, öz kənd təsərrüfatı məhsulunu emal edən ailə biznesi üçün 3 nəfər muzdlu işçi niyə lazım olsun ki? Və bu ailə 30-40 min manatlıq gəlirindən 7-8 min manat təkcə niyə gəlir vergisi ödəməyə məcbur qalsın ki? Sosial ödəmələri, kommunal xərcləri nəzərə alanda bu ailəyə məşğul olduğu xırda biznesdən heç ayda 2000 manat da pul qalmır. Belə biznesə maraq olarmı? Halbuki minlərlə belə biznes ölkədə qida bolluğunun təmin olunması, rəqabət mühitinin yaranması, minlərlə insana rəsmi məşğulluq yaradılması baxımından əvəzsiz töhfədir.
Ən azından dövriyyəsi 100 min manat qədər olan mikrosahibkarlara bu güzəştli rejimi saxlamaq lazım idi. Bir az strateji düşüncə olsa, hətta 300 min manata qədər dövriyyə üçün sırf qida sənayesi üçün saxlamaq çox böyük fayda gətirərdi. İstehsal sektoru, xüsüsən kənd təsərrüfatına bağlı sənaye iqtisadiyyat üçün əlavə dəyər yaratmaq potensialı böyük olan istiqamətdir".
R.Ağayev Gürcüstan və Ermənistanda kiçik biznes üçün daha əlverişli vergi rejiminin olduğunu deyir: “Gürcüstanda kiçik sahibkarlıq üçün imtiyazlı vergi rejimi: İllik dövriyyəsi 500 min laridən az (təxminən 310 min manat) kiçik sahibkarlar dövriyyəsinin 1 faizi, 500 min larini ötənlər 3 faizi qədər vergi ödəyirlər. İllik dövriyyəsi 30 min laridən (təxminən 19 min manat) az olan mikrosahibkarlıq subyektlərinə özünüməşğul statusu verilir və onlar vergidən azaddır
Ermənistanda kiçik sahibkarlıq üçün imtiyazlı vergi rejimi: İllik dövriyyəsi 24 milyon dramı (təxminən 110 min manat) ötməyən kiçik və mikrosahibkarlıq subyektləri dövriyyədən aşağıdakı dərəcələrlə vergi ödəyirlər: ticarət sektoru 10 faiz, istehsal fəaliyyəti 7,5 faiz, media fəaliyyəti 1,5 faiz".
Büdcə paketində diqqəti cəlb edən daha bir layihə Azərbaycanda hüquqi şəxs yaratmadan, yəni fiziki şəxs kimi sahibkarlıqla məşğul olanların Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödədiyi sosial sığorta ödənişlərinin məbləğində dəyişikliyi nəzərdə tutur. “Sosial sığorta haqqında” Qanuna nəzərdə tutulan dəyişikliklərə əsasən VÖEN-lə işləyən fiziki şəxslərin DMSF ödənişinin hesablanması qaydası dəyişir. Qeyd edək ki, hazırda fiziki şəxslər üzrə DSMF ödənişləri minimum əməkhaqqına əsasən hesablanır. İndiki qaydaya əsasən dövriyyənin məbləğindən asılı olmayaraq, hər bir fiziki şəxs minimum əməkhaqqının 25 faizi, yəni 100 manat sosial sığorta haqqı ödəməlidir. Bakıda bu məbləğin 100 faizi, yəni elə 100 manat, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, yəni 90 manat, digər şəhərlərdə 80 faizi yəni 80 manat, rayon mərkəzləri və qəsəbələrdə 60 faizi yəni 60 manat, kənd yerlərində isə 50 faizi yəni 50 manat hesablanır.
Gələn ildən isə rayon-şəhər fərqi aradan qaldırılacaq və DSMF ödənişi fiziki şəxsin gəlirinin dövriyyəsinə görə hesablanacaq - dövriyyənin 2 faizi. Lakin bu məbləğ üçün minimum və maksimum hədd qoyulub. Belə ki, aylıq DMSF ödənişi minimum əməkhaqqının 15 faizindən az, 100 faizindən çox olmamalıdır. Yəni 60-400 manat arasında dəyişəcək.
Başqa sözlə, əgər indiyədək DSMF ödənişi minimum 50 manat idisə, indi 60 manata, maksimum ödəniş isə 100 manatdan 400 manata yüksəlir.
R.Ağayev hesab edir ki, sahibkarlıqla məşğul olan fiziki şəxslər üçün DSMF ödənişinin minimum əməkhaqqına bağlanmasının tamamən aradan qaldırılması vacibdir: “Biz illərdir bunu təklif edirik. İndi müəyyən dəyşiklik edilir, lakin yenə minimum və maksimum məbləğ minimum əməkhaqqına bağlı saxlanılır. Bu bağlılıq tamamən aradan qaldırılmalı və dövriyyədən konkret bir hissəni ehtiva etməlidir”.
Qeyd edək ki, sadələşmiş vergiyə cəlb olunan məbləğin 200 min manatdan 400 min manata qədər artırılması həm sahibkarlar, həm də müstəqil ekspertlər tərəfindən təqdir olunur.
Dünya SAKİT,
“Yeni Müsavat”