UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Qarabağ” doğma meydanda İngiltərənin “Çelsi” klubu ilə qarşılaşıb.
Musavat.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç gərgin və maraqlı mübarizə şəraitində keçib və 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Görüşün 17-ci dəqiqəsində londonlular Estevan Villianın qolu ilə hesabı açıblar. Lakin “Qarabağ” azarkeşlərin dəstəyi ilə oyuna dönüş edib: 29-cu dəqiqədə Leandro Andrade fərqlənərək hesabı bərabərləşdirib, 39-cu dəqiqədə isə Marko Yankoviç penalti zərbəsini dəqiq yerinə yetirib – 2:1.
İkinci hissədə “Çelsi” məğlubiyyətdən xilas olub. 53-cü dəqiqədə Alexandro Qarnaço hədəfi dəqiq taparaq yekun nəticəni müəyyənləşdirib – 2:2.
Bu nəticə ilə Qurban Qurbanovun rəhbərlik etdiyi “Qarabağ” Liqa mərhələsindəki xal sayını 7-ə çatdırıb.
Qeyd edək ki, “Qarabağ” növbəti turda – noyabrın 25-də səfərdə İtaliyanın “Napoli” klubu ilə qarşılaşacaq.
Musavat.com