EN

Prezident dilimizin unudulduğu ölkələrdə Diaspor Komitəsi üçün yeni cəbhə açdı...


Azər Allahverənov: “Bir sıra vacib strukturların fəal şəkildə prosesə cəlb edilməsi vasitəsilə işlər görülməlidir”

“Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur”. Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı deyib.

Ölkə başçısının fikrincə, biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, yavaş-yavaş onu itirə bilərik: “Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir”.

Prezidentin yanaşması doğrudur. Çünki yaxşı olardı ki, xaricdə yaşayan soydaşlarımız Azərbaycanın ədəbi dilini qorusunlar. Bəs xaricdə yaşayan azərbaycanlılar arasında təkcə məişət dilimizin yox, ədəbi-bədii dilimizin də yaşaması üçün Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi nələr etməlidir? Prezidentin bu fikirlərindən Komitə hansı nəticələri çıxartmalıdır, özü üçün hansı gündəlik tutmalıdır?

“Komitə çalışmalıdır dilimizin qorunması ilə bağlı xaricdə koordinasiya işini sistemli təşkil etsin”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Azər Allahverənovun fikrincə, Prezidentin AMEA-da Azərbaycan dili ilə bağlı səsləndirdiyi fikirlər olduqca vacib mesajlardır: “Sözün əsil mənasında milli mənsubiyyətin tanınması nöqteyi-nəzərindən, eyni zamanda milli identikliyin müəyyən olunması baxımından dil amili olduqca vacibdir. Məsələ ondadır ki, Azərbaycan dilinin coğrafiyası tək bizim ölkənin hüdudları ilə məhdudlaşmır. Elə bizlə qonşu olan ölkələrdə milyonlarla insan var ki, Azərbaycan dilində danışır. Bu, siyasi baxımdan mühüm əhəmiyyətə malikdir. Digər tərəfdən də, Azərbaycan dili böyük bir türk ailəsinin vacib bir seqmenti kimi də özünü büruzə verməkdədir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan dili ilə bağlı səsləndirilən fikirlər, Prezidentin vurğuladığı nüanslar olduqca vacibdir. Birincisi, dilimizin kənar təsirlərdən qorunması istiqamətində vacib işlər həyata keçirilməlidir. O cümlədən, bu işlər sistemli şəkildə olmalıdır. Bir sıra vacib strukturların fəal şəkildə bu prosesə cəlb edilməsi vasitəsi ilə işlər görülməlidir. İkincisi, dilin qorunması, təbliğ edilməsi, yayılması və müxtəlif ölkələrdə yaşayan soydaşlarımız arasında geniş şəkildə təbliğat işlərin görülməsi vacibdir. Buna çox böyük ehtiyac var. Yalnız bu kimi dəyərlər üzərində köklənəcək yanaşma bütövlükdə öz bəhrəsini vermiş olur. Xüsusilə də dilin qorunması, zənginləşməsi baxımından. Onun həqiqətən də böyük dəyər daşıyıcısına çevrilməsi baxımından. Bir sıra strukturlarla yanaşı, Diasporla İş üzrə Dövlət Komitəsi də bu işə öz töhfəsini vermiş olacaq. Komitə çalışmalıdır ki, dilimizin qorunması ilə bağlı xaricdə koordinasiya işini sistemli təşkil etsin. Burada da bir kompleks tədbirlər hazırlanmalıdır. Digər tərəfdən, müasir dövrün tələblərinə uyğun olaraq dilin qrammatikası, stilistikası, onun ahəngliyi qorunmaqla təbliğ edilməlidir. Bununla bağlı sistemli bir iş qurulmalıdır. Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdəki dayaqları bu işə cəlb edilməlidir. Təbii ki, digər müvafiq qurumların dəstəyi ilə. Başqa bir tərəfdən, müxtəlif xaricdə fəaliyyət göstərən təhsil müəssisələrində yayılması istiqamətində işlərin həyata keçirilməsinə çox ciddi ehtiyac var. Bir sözlə, bu işlər sistemli və kompleks şəkildə həyata keçirilməlidir. Yalnız belə olduğu təqdirdə cənab Prezidentin qaldırdığı məsələlərin doğru şəkildə həyata keçirilməsinə nail olmaq mümkündür”.

Vidadi ORDAHALLI

Chosen
61
baki-xeber.com

1Sources