EN

Manatın məzənnəsi ilə bağlı mühüm xəbər

Dünya Bankı 2025–2026-cı illər üzrə “Brent” markalı neftin orta qiyməti ilə bağlı proqnozunu yeniləyib. Bankın oktyabr hesabatında “Brent” neftinin 2025-ci ildə orta qiymətinin 68 ABŞ dolları (öncəki proqnozdan 4 dollar çox), 2026-cı ildə isə 60 dollar səviyyəsinə enəcəyi qeyd olunub.

Dünya Bankının bu proqnozu fonunda Milli Məclisdə də 2026-cı il dövlət büdcəsi layihəsi müzakirə olunub. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Azər Əmiraslanov bildirib ki, gələn il də manatın dəyərinin sabit qalması gözlənilir.

Neft qiymətlərində mümkün dəyişikliklər fonunda manatın sabitliyi məsələsini News24.az-a iqtisadçı Asif İbrahimov şərh edib.

Ekspert bildirib ki, ilkin baxışda müəyyən risklər mövcud olsa da, vəziyyət nəzarət altındadır:

“Azərbaycan Mərkəzi Bankı özünə tapşırılmış tənzimləyici funksiyanı lazımi qaydada yerinə yetirir. Manatın məzənnəsinin sabit saxlanılması üçün qurum xarici faktorlara ciddi nəzarət edir. Burada əsas alətlərdən biri valyuta intervensiyasıdır. Həmçinin uçot dərəcəsi və açıq bazar əməliyyatları həyata keçirilir, ehtiyat norması isə düzgün şəkildə istifadə olunur”.

Onun sözlərinə görə, hazırkı vəziyyət manatın sabitliyinə təhlükə yaratmır:

“2026-cı ilin ilk aylarında manatın məzənnəsində ciddi dəyişiklik gözlənilmir. AMB-nin sabitliyi qorumaq üçün tətbiq etdiyi mexanizmlər nəticə verir. Mütəxəssislər də bu istiqamətdə məlumatlıdırlar və hələlik panikaya əsas yoxdur”.

Asif İbrahimov əlavə edib ki, dövlət büdcəsinə daxilolmaların böyük hissəsi neft gəlirlərindən formalaşır:

“Ola bilər ki, neft qiymətlərində müəyyən dəyişkənlik müşahidə olunsun, lakin Mərkəzi Bank bunun təsirlərini balanslaşdırmaq imkanına malikdir”.

Chosen
43
busaat.az

1Sources