EN

Bakıda “Fərqliliyin rəngi” adlı festival keçirilib

Noyabrın 5-də ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini konfessiyaların nümayəndələrinin iştirakı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Fərqliliyin rəngi” adlı festival keçirilib.

APA xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə təşkil edilən tədbirin məqsədi ölkəmizdəki konfessiyalararası həmrəyliyin, milli birliyin, mənəvi vəhdətin, dini-mədəni müxtəlifliyin unikal nümunəsini təqdim etmək, habelə onların adət-ənənələrinin, mədəni irslərinin inkişafı üçün yaradılan şəraiti nümayiş etdirməkdir.

Festival çərçivəsində dini qurumların fəaliyyətini, dini ənənə və dəyərlərini əks etdirən fotostendlər, ədəbiyyat, geyim nümunələri, əl işləri, eləcə də digər dini məzmunlu materiallardan ibarət sərgilər açılıb.

Festival iştirakçıları əvvəlcə Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Roma Katolik Kilsəsinin Apostol Prefekturası, Dağ Yəhudiləri, Sefarad Yəhudiləri və Avropa Yəhudilərinin Bakı dini icmaları, Azərbaycan Bibliya Cəmiyyəti, Azərbaycan Bəhailəri Dini Mərkəzi, Alban-Udi, Krişna Şüuru, Gürcü pravoslav və Molokan-ruhani xristian dini icmaları daxil olmaqla bir çox dini qurumun stendləri ilə tanış olmaq imkanı əldə ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və Azərbaycandakı tolerantlıq mühitini əks etdirən videoçarx nümayiş olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Azərbaycandakı tolerantlıq bu ölkədə yaşayan bütün vətəndaşların mənəvi güc mənbəyidir: “Sahib olduğumuz unikal dövlət-din münasibətləri modeli sayəsində bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst şəkildə ibadət edir, dini icmalar dövlətin qayğısı ilə əhatə olunur. Ölkəmizdə məscid, kilsə və sinaqoqların bir-birindən yalnız bir neçə yüz metr məsafədə yerləşməsi birgəyaşayışı, qarşılıqlı hörməti və multikultural dəyərlərimizi təcəssüm etdirir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Azərbaycanda ilk dəfə tolerantlıq və rəngarənglik mövzusunda festivalın keçirilməsi böyük əhəmiyyət kəsb edir: “İnanıram ki, bu festival təkcə bu gün burada deyil, Azərbaycanın digər bölgələrində də keçiriləcək”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov deyib ki, Azərbaycanın tolerantlıq və multikulturalizm modelinin uğurunun ilk səbəbi süni, adminstrativ təməl üzərində qurulmamasıdır: "Elə dövlətlər var, özlərindəki fərqliliyə xüsusi yanaşma formalaşdırmağa çalışdılar. Azərbaycanda isə fərqlilik dedikdə zənginlik, sevgi, bir-birinə ehtiram və hörmət başa düşülür. Azərbaycan modelini formalaşdıran sütunların möhkəmliyinin əyani sübutu Vətən müharibəsi oldu. Milli birlik Vətən Müharibəsinin əsas qüvvəsindən biri oldu".

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti Hacı Salman Musayev deyib ki, başqa ölkələrdə hər bir din nümayəndəsi yalnız öz ibadət yerində dayana bilir, lakin Azərbaycanda onlar bir arada, geniş və açıq şəkildə öz dini ənənələrini təqdim edə bilirlər: “Bu da bizim qürur mənbəyimizdir. Biz bir-birimizə hörmət və ehtiram şəraitində yaşayırıq”.

Milli Məclisinin deputatı İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, cəmiyyətimiz tolerantlığın daşıyıcısı kimi dünyada nümunə olaraq göstərilən az sayda xalqlardan biridir: “Bərabərlik hüququ dövlət tərəfindən təminat altındadır. Ancaq bu elə bir hüquqdur ki, onu yalnız dövlət təmin edə bilməz. Bu həm də xalqın məsuliyyətidir. Dövlətin tolerant olması siyasət sayılır. Lakin millətin tolerant olması ayrıca bir dəyərdir”.

Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri yepiskop Aleksiy Smirnov deyib ki, dünyada belə tədbirlərə ev sahibliyi edə biləcək dövlətlər azdır: “Dini təşkilatlara münasibətdə dövlət siyasətinin düzgün qurulması, multikulturalizm və tolerantlıq modellərinin formalaşdırılması vacibdir. Bütün dini icmaların, bütün konfessiyaların təmsil olunduğu, Azərbaycanın dini və milli müxtəlifliyini əks etdirən belə unikal dini festival da bunun bariz nümunəsidir”.

Daha sonra festivalda dini konfessiyaların musiqi qruplarının çıxışlarından ibarət bədii hissə nümayiş edilib.

Sonda fəal iştiraklarına görə dini qurumların təmsilçiləri və “AMİN” könüllüləri təşəkkürnamə ilə təltif edilib.

Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda
Chosen
8
3
apa.az

10Sources