EN

Avtobuslarda da bank kartları ilə ödəniş edə biləcəyik

Bakı Metropolitenində sərnişinlər artıq gedişhaqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, həmçinin Apple Pay və Google Pay vasitəsilə ödəyə bilirlər. Ötən gündən başlayaq yenilik bütün stansiyalarda işə düşüb.

Bu sistemin əsas üstünlüyü rahatlıq və vaxt qənaətidir. Turniketlərdə ödəniş bir toxunuşla həyata keçirildiyindən növbələr azalacaq, keçid prosesi sürətlənəcək. Eyni zamanda, sərnişinlər üçün balans izləmək, terminal axtarmaq kimi əlavə addımlar aradan qalxır. Yeni sistem həm də təhlükəsizlik baxımından daha müasirdir, ödənişlər bankların qoruma mexanizmləri vasitəsilə aparılır, kart məlumatları isə sistemdə saxlanılmır.

Hazırda ictimaiyyətin diqqətində olan suallardan biri bu sistemin avtobuslarda da tətbiq ediləcəyi məsələsidir.

Modern.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, NFC ödəniş sisteminin tətbiqi metronun hərəkət qrafikinə və sərnişin axınının istiqamətlənməsinə də təsir göstərə bilər.

“Məsələn, yüklənmə səbəbindən gecikmələr yarandıqda, stansiyalarda və platformalarda sıxlıq müşahidə olunur ki, bu da öz növbəsində mənfi tendensiyalara səbəb ola bilir”.

Ekspertin sözlərinə görə, digər tərəfdən, ölkəmizdə ödəniş sistemlərinin təkmilləşdirilməsi və daha innovativ texnologiyaların tətbiqi sevindirici haldır.

“Ən önəmlisi isə odur ki, bu prosesdə bankların özlərinin də şəxsi kommersiya maraqları mövcuddur. Həmin maraqlar onlara əlavə stimul verərək bu istiqamətdə daha fəal olmağa sövq edir”.

Maraqlıdır, sözügedən mexanizmin avtobuslarda nə vaxt tətbiq olunacaq?

Nəqliyyat eksperti Eldəniz Cəfərov sualımıza cavab olaraq bildirib ki, yaxın gələcəkdə bu sistem Bakıda da avtobuslarda tətbiq ediləcək:

“Artıq Gəncədə ictimai nəqliyyatın avtobus seqmentində bank kartları və NFC vasitəsilə ödəniş etmək mümkündür. İctimai nəqliyyatda sərnişinlərin hərəkətini daha rahat və əlçatan edən, nəqliyyatı daha cəlbedici hala gətirən bu cür yeni texnologiyaların tətbiqi təqdirəlayiqdir”,- o qeyd edib.
 

Chosen
45
1
modern.az

2Sources