EN

Paşinyan-Simonyan tandemi: Ermənistan fərqli lider tonlarına açıqdır

Ermənistanın siyasi səhnəsi 2026-cı il parlament seçkiləri ərəfəsində yenidən hərəkətə gəlib.

Bakıvaxtı.az-ın məlumatına görə, Baş nazir Nikol Paşinyan və parlamentin sədri Alen Simonyan “Vətəndaş müqaviləsi” partiyasından seçkilərə qatılacaqlarını açıqlayıblar. Bu qərar təkcə seçki rəqabətinin deyil, həm də partiya daxilindəki güc balansının dəyişməyə başladığının göstəricisi kimi qiymətləndirilir. İctimai rəy Simonyanın namizədliyini partiya daxilində potensial fraksiya rəqabətinin başlanğıcı kimi görür.

Məsələnin mahiyyətinə aydınlıq gətirən politoloq Züriyə Qarayeva Bakıvaxtı.az-a bildirib ki, bu, ilk növbədə “Vətəndaş müqaviləsi” partiyasının siyasi aktivliyini qorumağa və liderlik institutunun sabitliyini nümayiş etdirməyə yönəlmiş addımdır. Paşinyan hakimiyyətin simvolu kimi mövqeyini möhkəmləndirir, Simonyan isə yeni nəsil lider obrazını formalaşdırır. Bu tandem Ermənistan cəmiyyətinə həm sabitlik, həm də yenilənmə vədi verir. Siyasi baxımdan bu, partiyanın birliyini nümayiş etdirmək cəhdi kimi görünür. Lakin daxili dinamika baxımından yeni güc mərkəzlərinin formalaşması ehtimalını da ortaya qoyur. Beləliklə, bu addım həm taktiki harmoniya, həm də potensial rəqabətin başlanğıcıdır.

Onun sözlərinə görə, Alen Simonyanın namizədliyi müəyyən mənada partiya daxilində gizli rəqabətin təzahürüdür. Simonyan uzun müddətdir Paşinyanın siyasi xəttinə sadiq qalsa da, bəzi mövzularda daha liberal və praqmatik ton nümayiş etdirir. Onun çıxışlarında Paşinyanın sərt ritorikasına nisbətən daha barışdırıcı və diplomatik vurğular hiss olunur:

“Bu, partiyanın ideoloji spektrinin genişlənməsi baxımından əhəmiyyətlidir. Rəqabət açıq şəkildə deyil, daha çox təsir dairələrinin mübarizəsi şəklində özünü göstərir. Bu, Ermənistanda partiya daxili demokratiyanın tədricən formalaşmasının göstəricisidir”.

Züriyə Qarayeva: Şəxsi ambisiyalar ön plana keçərsə, parçalanma riski yarana bilər

Müsahibimiz hesab edir ki, əslində, bu cür daxili rəqabət sağlam siyasi mədəniyyətin yaranması baxımından müsbət haldır. “Vətəndaş müqaviləsi” uzun müddət Paşinyan liderliyinə əsaslandığı üçün struktur baxımından monolit görünürdü. Simonyanın fəallaşması partiyanı yeniləməyə, ideoloji çevikliyə və yeni simaların önə çıxmasına təkan verir.

Politoloq bildirib ki, əgər bu proses idarəolunan səviyyədə qalarsa, təşkilati və intellektual baxımdan partiya güclənəcək. Əks halda, şəxsi ambisiyalar ön plana keçərsə, parçalanma riski yarana bilər. Yəni bu proses həm fürsət, həm də sınaq mərhələsidir.

Bu tendensiyanın Ermənistanın ümumi siyasi mənzərəsinə təsirinə gəlincə, həmsöhbətimiz bildirib ki, Simonyan və Paşinyan arasında balansın qorunması Ermənistan siyasətində stabilliyin əsas şərtidir. Dediyinə görə, əgər partiya daxilindəki münasibətlər konsensus üzərində qurularsa, bu, seçkilərdən sonra daha güclü hökumət formalaşdırmağa imkan verəcək. Əks halda, daxili gərginlik müxalifət qüvvələrinin güclənməsinə şərait yarada bilər.

“Ermənistan cəmiyyəti artıq fərqli lider tonlarına açıqdır, bu da siyasi rəqabətin keyfiyyətini artırır. Qısası, bu iki liderin münasibətinin istiqaməti ölkənin siyasi kursunu müəyyən edəcək. Bu seçkilər Ermənistan üçün təkcə hakimiyyət yarışı deyil, həm də siyasi mədəniyyətin sınağı olacaq”, - deyə Züriyə Qarayeva əlavə edib.

Zülfü Məmmədov

Chosen
42
1
bakivaxti.az

2Sources