EN

“Dəqiqliyin simvolu” Bahar xanım – köhnə səhvlərlə yeni yubiley » AzadMedia.az



Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bir daha göstərdi ki, “dəqiqlik” anlayışı bəzən yalnız nitqlərdə səslənir, amma əməli baxımdan yoxa çıxır.

Tədbirin adı cəlbedicidir: “Ailə, qadın və uşaq məsələləri media müstəvisində: çağırışlar və perspektivlər.” Amma görünür, çağırış elə tədbirin içindən başlayıb. Proqramda belə bir təqdimat yer alıb:
“Hikmət Babaoğlu – "Yeni Azərbaycan" qəzetinin baş redaktoru.”

Ciddi dövlət tədbirində belə bir “xırda” səhv — əslində, ciddi məsuliyyətsizlik göstəricisidir. Çünki bu, sadəcə bir ad səhvi deyil, diqqətsizliyin sistemli hala çevrildiyini göstərən simptomdur. Bahar Muradova illərlə dövlət idarəçiliyindədir, protokolu, informasiya axınını, peşəkar yanaşmanı yaxşı bilir. Lakin görünür, onun rəhbərlik etdiyi qurumda bu bilgilər praktikada işləmir.

Bu yanlışın dövlətin rəsmi informasiya mənbəyi olan AzərTAc-da yayılması isə məsələni daha da ciddiləşdirir. Çünki AzərTAc Prezident İlham Əliyevin fəaliyyətini, dövlətin strategiyasını cəmiyyətə çatdıran rəsmi agentlikdir. Belə bir mənbəyə səhv məlumat ötürmək, ən azı, hörmətsizlik və məsuliyyətsizlik nümunəsidir.

Bu sualı verməmək olmur: Komitə niyə dövlət resurslarını bahalı tədbirlərə, şablon çıxışlara və fotolara xərcləyir, amma öz mətbuat açıqlamalarını belə yoxlamır?
Bu nə strategiyadır? Kimə arxayındırlar?
Görünür, “strateji düşüncə” anlayışı hələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gündəminə daxil olmayıb.

Təəssüf ki, bu qurumun fəaliyyəti çox vaxt hadisələrdən sonra verilən açıqlamalarla məhdudlaşır. Hadisələrin qarşısını almaq, sosial problemləri qabaqlamaq əvəzinə, faktlar artıq baş verdikdən sonra bəyanatlar verilir. Bu, dövlət idarəçiliyi deyil, sadəcə reaksiya mədəniyyətidir.

Bu gün qadınların, uşaqların, ailələrin problemləri “otel tədbirləri”ndə deyil, real həyatda həll olunur.
Boş zalda səslənən nitqlər dolu həyatda susan qadınların səsini əvəz etmir.
Cəmiyyət artıq foto ilə deyil, fəaliyyətlə maraqlanır.

Qadınların taleyi tədbir deyil, məsuliyyətdir.
Uşaq problemləri press-relizlə deyil — siyasətlə, koordinasiyalı sistemlə, diqqətlə həll olunur.

Əgər Komitə doğrudan da ictimai etimadı bərpa etmək istəyirsə, əvvəlcə sadə bir şey etməlidir: dəqiqlik və məsuliyyət anlayışını öz fəaliyyətinin mərkəzinə qaytarmalıdır, intiriqalara son qoymalı, vətəndaş cəmiyyəti və mediada hər kəsə.eyni münasibət sərgiləməlidir.

Əks halda, hər yeni tədbir, hər yeni “çağırış” – köhnə səhvlərin təkrarı kimi görünəcək.
Chosen
27
1
azadmedia.az

2Sources