EN

Yağış altında gözləyən sərnişinlər: “20 Yanvar” ərazisində dayanacaq problemi illərlə həll olunmur » AzadMedia.az



İctimai fəal Elyar İslamoğlu sosial şəbəkədə paylaşımdan sonra yenidən diqqət “20 Yanvar” metro stansiyasının ətrafında mövcud olan ciddi infrastruktur probleminə yönəlib.

Paylaşımda bildirilir ki, “20 Yanvar” metrosundan Sumqayıt, Xırdalan və Masazır istiqamətinə hər gün onlarla avtobus minlərlə sərnişin daşıyır, lakin həmin ərazidə yağışlı havalarda vətəndaşların sığınacağı üçün heç bir dayanacaq yoxdur.

“Bu problemlə məşğul olmalı olan qurumun rəhbərini və onun müavinlərini gətirib bugünkü kimi güclü yağışda həmin ərazidə saxlamaq lazımdır ki, ağılları başlarına gəlsin,” – deyə Elyar İslamoğlu paylaşımında yazıb.



Jurnalistləri məsələni işıqlandırmağa çağıraraq müəllif qeyd edib ki, xüsusilə yaşlılar, hamilə qadınlar və uşaqlar yağışlı havalarda ciddi çətinliklərlə üzləşirlər.

Sosial şəbəkə istifadəçiləri də bu problemin uzun illərdir mövcud olduğunu, lakin aidiyyəti qurumların laqeyd münasibət göstərdiyini bildirirlər. Onların fikrincə, bu cür elementar infrastruktur çatışmazlığı paytaxtın nəqliyyat mədəniyyətinə xələl gətirir.

Nəqliyyat infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması təkcə yolların təmirindən deyil, sərnişinlərin rahatlığını təmin edən detalların – dayanacaqların, keçidlərin və işıqlandırmanın – yaradılmasından başlanmalıdır.

İndi isə ictimaiyyət gözləyir: məsul qurumlar Elyar İslamoğlunun haqlı narazılığından sonra bu problemin həlli üçün nə kimi addımlar atacaq?
AYNA-ya sorğu verib mövzuya qayıdacağıq.
Chosen
52
1
azadmedia.az

2Sources