EN

Azərbaycanda avtomobil servisləri niyə azdır? - Ekspert açıqladı

Azərbaycanda nəqliyyat vasitələrinin təmiri üçün ixtisaslaşmış servis mərkəzlərinin az olması vətəndaşları alternativ yollar axtarmağa məcbur edir.

Bu barədə nəqliyyat eksperti Aslan Əsədov News365.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bir çox ölkələrdə bütün nəqliyyat xidmətləri müqavilə əsasında fəaliyyət göstərən xüsusi servislərdə həyata keçirilir. Azərbaycanda isə belə sistemin formalaşmaması ciddi problemlərə yol açır:

“Əksər ölkələrdə servis mərkəzləri bütün xidmətləri müqavilə əsasında göstərir. Yəni, vətəndaş avtomobilini oraya təhvil verir, təmir prosesi hüquqi əsasla həyata keçirilir. Azərbaycanda isə belə ixtisaslaşmış servislər olmadığından, vətəndaşlar məcbur olub istənilən yerdə xidmət almağa çalışırlar.”

Ekspert “ölüxana” adlandırılan məntəqələrin əslində ikinci əl ehtiyat hissələrinin satış məkanı olduğunu vurğulayıb:

“Ölüxanalar, əslində, sıradan çıxmış avtomobillərin ehtiyat hissələrinin satıldığı məntəqələrdir. Buna görə də bu obyektlər müəyyən mənada bazarda özünə ‘rəsmi status’ qazanıb. Amma bu, problemin köklü həlli deyil.”

Aslan Əsədov qeyd edib ki, vətəndaşlar çox vaxt orijinal detalların tapılmaması səbəbindən bu cür alternativ mənbələrə üz tuturlar:

“Əgər servis mərkəzlərində təmir imkanı məhduddursa və ya ehtiyat hissəsi tapılmırsa, vətəndaş məcbur olub haradan bacarır, oradan sifariş verir. Bu isə həm əlavə vaxt itkisinə, həm də əsəbi vəziyyətlərə səbəb olur.”

Ekspertin fikrincə, vəziyyətin normallaşması üçün servislərdə qiymətlərin əlçatan olması və xidmət keyfiyyətinin artırılması vacibdir:

“Servislər elə qiymətlər müəyyən etməlidirlər ki, təmir etdirən şəxs üçün sərfəli olsun. Əks halda, vətəndaş daha ucuz alternativlərə üz tutur və servis müştərisini itirir. Ona görə də bu məsələ bu gün nəqliyyat sektorunda ən aktual problemlərdən biri olaraq qalır.”
Chosen
47
news365.az

1Sources