EN

Ramin Məmmədov: “Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst şəkildə ibadət edirlər”

“Sahib olduğumuz unikal dövlət-din münasibətləri modeli sayəsində bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst şəkildə ibadət edir, dini icmalar dövlətin qayğısı ilə əhatə olunur. Ölkəmiz beynəlxalq aləmdə sülh və sabitliyin hökm sürdüyü nadir nümunələrdən biri kimi tanınır”.

Bizim Media xəbər verir ki, bu fikirləri “Fərqliliyin rəngi” festivalında çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib:

"Bu festival da Azərbaycan cəmiyyətində əsrlərdir formalaşmış tolerantlıq və multikultural dəyərlərin təzahürü, xalqımızın birgəyaşayış fəlsəfəsinin ifadəsidir.
 

Ərazi bütövlüyünün və suverenliyin bərpası sayəsində bu gün Azərbaycan öz milli irsini, dini-mədəni müxtəlifliyini və konstitusion dəyərlərini qoruyaraq gələcəyə daha da inamla addımlayır.


Suverenlik bizim ən ali dəyərlərimizdən, ən böyük tarixi nailiyyətlərimizdən biridir.

Suverenlik olmadan Konstitusiya prinsiplərinin və qanunların tətbiqi, xalqımızın əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin qorunması mümkün olmazdı.

Biz tarixin keşməkeşli və ziddiyyətli bir dövründə ən böyük zəfərlərə imza atmış güclü bir dövlətin vətəndaşlarıyıq. Elə bir dövlətin ki, dini və etnik mənsubiyyətindən, əqidəsindən inancından asılı olmayaraq bu torpaqlarda yaşayan hər kəsin ümumi sərvətidir.
 

Ölkəmizdə məscid, kilsə və sinaqoqların bir-birindən yalnız bir neçə yüz metr məsafədə yerləşməsi birgəyaşayışı, qarşılıqlı hörməti və multikultural dəyərlərimizi təcəssüm etdirir.


Yanaşı duran bu çadırlar eyni Vətənin övladları olaraq bizləri birləşdirən mənəvi körpünün simvollarıdır".

Nəzrin Elxan, Bizim.Media

Chosen
51
6
bizim.media

8Sources