EN

Qarabağ iqtisadi xəritəsinə yenidən baxış: Prezidentin “yaxşı xəbər” mesajı nə deməkdir?”

Azərbaycanın elmi və iqtisadi inkişaf strategiyasının kəsişdiyi məqamda Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı, ölkənin gələcək resurs siyasətinin istiqamətlərini aydın şəkildə müəyyənləşdirdi. Prezidentin vurğuladığı geoloji kəşfiyyat və elmi potensialın gücləndirilməsi məsələləri göstərir ki, artıq Qarabağ və Şərqi Zəngəzur təkcə azad olunmuş torpaqlar kimi deyil, həm də milli iqtisadiyyatın yeni dayaq nöqtələri kimi nəzərdən keçirilir. Bu çıxış, əslində, Azərbaycanın təbii sərvətlərin idarə edilməsində bilik əsaslı yanaşmaya keçidinin və iqtisadi suverenliyinin möhkəmləndirilməsinin konseptual elanıdır.

Siyasi analitik Tural İsmayılov Editor.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı təkcə elmi ictimaiyyətə deyil, həm də ölkənin iqtisadi gələcəyi ilə maraqlanan hər kəsə ünvanlanmış strateji mesaj idi:

 

“Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyat işlərinin aparıldığını bildirməsi, bu bölgələrin təkcə strateji-coğrafi deyil, həm də iqtisadi resurs potensialının üzə çıxarılması mərhələsinə qədəm qoyduğunu göstərir. Prezidentin “yaxın aylarda yaxşı xəbərlər gələcək” ifadəsi isə təsadüfi deyil. Bu, çox güman ki, bölgədə yeni faydalı qazıntı yataqlarının, xüsusilə qızıl, mis, molibden və enerji daşıyıcıları üzrə perspektivli tapıntıların rəsmi açıqlanacağına işarədir”.

Onun sözlərinə görə, Zəngilan, Laçın və Kəlbəcər rayonlarının geoloji cəhətdən son dərəcə zəngin olduğu artıq məlumdur, lakin sovet dövründə bu potensial tam öyrənilməmişdi:

“Prezidentin çıxışı bu mənada həm elmi resursların səfərbər edilməsini, həm də milli iqtisadiyyatın resurs bazasının genişləndirilməsini hədəfləyən yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Yəni, dövlət başçısının “yaxşı xəbər” dediyi məqam, böyük ehtimalla, Qarabağ və Şərqi Zəngəzurda yeni strateji əhəmiyyətli yataqların aşkar edilməsi ilə bağlı olacaq. Bu, təkcə iqtisadi nailiyyət deyil, həm də azad olunmuş torpaqların milli istehsal sisteminə inteqrasiyası və Azərbaycanın enerji, xammal müstəqilliyinin möhkəmləndirilməsi baxımından mühüm tarixi dönüş nöqtəsidir”.

//Gülnarə Abasova, Editor.az

Chosen
31
editor.az

1Sources