EN

15 min ailə özünüməşğulluğa cəlb olunacaq - Nazir

Əhalinin məşğulluğunun təmin edilməsində əsas aktiv məşğulluq tədbirlərindən olan özünüməşğulluq proqramı növbəti ildə də davam etdiriləcək və İSF büdcəsinin xərclərinin 29%-i təşkil edəcəkdir. 

Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir qeyd edib ki, növbəti ildə İSF-nin vəsaiti hesabına 8 min, Dünya Bankı layihəsi çərçivəsində isə 7 min nəfər olmaqla ümumilikdə 15 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur. Bu çərçivədə vətəndaşlara təqdim edilən zərflərdə çeşid müxtəlifliyinin artırılması məqsədilə yeni zərfin tətbiqinə başlanılacaqdır.

“2026-cı ildə işsiz və işaxtaran şəxslərin peşə hazırlığı və əlavə təhsil imkanlarının genişləndirilməsi məqsədilə 17500-ə yaxın müdavimin bu prosesə cəlb olunması istiqamətində müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulur. Təlim prosesinin  Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə hazırlığı mərkəzləri, eləcə də özəl tədris müəssisələri tərəfindən reallaşdırılması planlaşdırılır”.  

Hazırda 175 ixtisas üzrə peşə hazırlığı kurslarının təşkili həyata keçirilir.  

“Eyni zamanda, 2026-cı ildə 100 yeni peşə və kvalifikasiya standartlarının hazırlanması və 135 peşə və kvalifikasiya standartlarının yenilənməsi həyata keçiriləcəkdir. 

Əhalinin məşğulluğunu dəstəkləmək üçün işəgötürənlərlə əməkhaqqının birgə maliyyələşdirilməsi mexanizmi genişləndiriləcək və 2026-cı ildə bu istiqamətdə əmək bazarına 1 500 iştirakçının proqram çərçivəsində cəlb olunması nəzərdə tutulur” – deyə nazir bildirib.

Onun sözlərinə görə, işədüzəlmə prosesinin təşkili və əhalinin əmək bazarına inteqrasiyasının təmin edilməsi tədbirləri çərçivəsində 2026-cı ildə ölkədə ümumilikdə 180 əmək yarmarkasının keçirilməsi nəzərdə tutulur. 
“Tələbə və şagirdlərin, habelə onların valideynlərinin, işaxtaran və işsiz şəxslərin təhsilinə, bacarığına və şəxsi keyfiyyətlərinə uyğun olaraq peşə və ixtisasının seçiminə, peşə maraqlarının formalaşdırılmasına, karyera hədəfinin müəyyənləşdirilməsinə dəstək və əmək bazarının gələcək tələblərinə uyğun maarifləndirmə işləri aparmaq məqsədi ilə təşkil olunan peşəyönümü məsləhət xidmətləri ilə əhatə olunacaq şəxslərin sayı növbəti il 230 mindən çox olacaqdır”.

Chosen
18
3
modern.az

10Sources