EN

Simonyan susmalıdır!

Ən azından ona görə ki...

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi ilə bağlı yığıncaqdakı çıxışı Ermənistanda böyük səs-küy doğurub. Əslində, bu, gözlənilən idi. Çünki dövlətimizin başçısının, az qala, hər nitqi hay cəmiyyətində geniş müzakirələrə səbəb olur.

Bu cəmiyyətin təxribatçıları, konspiroloqları sıraya düzülüb kontekstdən çıxardıqları fikirləri özlərinə uyğun tərzdə tirajlayır, nəyisə əsaslandırmağa çalışırlar. Əsaslandırmaq istədikləri ən başlıca məsələ isə budur: Azərbaycanlılarla ermənilər arasında sülh yarana bilməz. Guya Azərbaycan işğalçıdır.

Əlbəttə, bu sayaq deyimlərin hansı dairələrin sifarişləri olduğu aydındır. Amma hesab etmirik ki, Ermənistan parlamentinin sədri Alen Simonyan bildirdikləri fikirlərlə sifariş yerinə yetirir. Həm də ona görə hesab etmirik ki, erməni spiker dövlətimizin başçısının dilə gətirdikləri məqamlarda təhlükəli nə isə görmədiyini vurğulayıb. Məsələn, o, Prezident İlham Əliyevin yanaşmasının işğalçılıq mahiyyəti daşımadığını, onun çıxışında belə bir motivi hiss etmədiyini deyib. “Əmması” budur ki, təkcə A.Simonyan deyil, habelə Ermənistandakı digər nisbətən pozitiv düşüncə sahiblərinin özləri belə bəzi reallıqları anlamalı, səbəb-nəticə əlaqələri tapmalıdırlar.

Əlqərəz, həmin Simonyanın vaxtilə Ağdama gedib bu əzəli yurd yerimizi “Akna” adlandırması, üstəlik, rayonu özünün vətəni hesab etməsi yaddan çıxmayıb. Çıxa da bilməz, çünki Simonyanın Ağdama “Akna”, başqalarının işğal altındakı Laçına “Berdzor”, Xocalıya “İvanyan”, Kəlbəcərə “Karvaçar”, Şuşaya “Şuşi” demələrinə görə iki müharibə baş verib. Üstəlik, baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” bəyanatı var. O Qarabağ ki, işğal illərində “Artsax” adlandırılmışdı.

Deməli, indi Simonyan Prezident İlham Əliyevin tarixi həqiqət kimi Göyçə gölünü öz adı ilə adlandırmasına təbii yanaşmalıdır. Bir halda ki, o, dövlətimizin başçısının əzəli torpaqlarımıza qayıdışın tanklarda yox, minik avtomobillərində olmasına dair fikrini yadda saxlayır, həqiqəti deməkdən də çəkinməməlidir. Məsələn, Simonyan bildirə bilər ki, erməni varlığı Cənubi Qafqaz ərazisinə XIX əsrdə türk-müsəlman dünyasını bölmək, Cənubi Qafqazda etnik və dini durumu dəyişmək üçün köçürülüblər. Axı Paşinyan özü də dolayısı ilə deyir ki, türklərə, o cümlədən Azərbaycan türklərinə qarşı düşmənçilik münasibətini təlqin edən Rusiya olub.

Türklər köçürülən ermənilər üçün düşmən obrazında təqdim ediliblər və ikincilər qeyri-ixtiyari şəkildə bu ideya ilə “yemləniblər”. Bu “yenlənmə” nəticəsində gəlmələr özlərini, yumşaq desək, dinc aparmayıb, işğallar, qətllər, təxribatlar və digər nalayiq əməllər törədiblər. Onların varisi olan Simonyan isə Ağdama “Akna” deyəcək qədər “cəsarət sahibinə” çevrilib. Yeri gəlmişkən, erməni spiker açıqlamalarının birində belə bir fikir işlətməsinin yanlışlığından danışıb və deyib ki, hamının səhvi ola bilər. Nəzərə alaq ki, ümumən erməniliyin tarixi bu kimi səhvlərlə doludur. Əlbəttə, buna səhv demək mümkündürsə.

Bəli, Ermənistan rəhbərliyində təmsil olunanlar, bütövlükdə erməni cəmiyyəti reallığı görməyi bacarmalıdırlar. Biz Azərbaycan cəmiyyəti olaraq vəlvələdən, ya zəlzələdən qonşuluğumuzda Ermənistan adlı dövlərin mövcudluğunu qəbul edirik. Uzun illər də qəbul etdik. Tutalım, Göyçə gölünün “Sevan”, Zəngəzurun “Sünik” olması ilə barışdıq. Bunun qarşılığında erməni millətçilərinin digər yurd yerlərimizi ələ keçirdiklərinin şahidinə çevrildik. Hələ azərbaycanlıları Kür çayınadək qovmaq planları quranların sərsəmləmələri də oldu. Yəni ki, Simonyan Prezident İlham Əliyevin fikirlərinə görə tarixdə ilişib qalmağın düzgün olmadığını deməməlidir. O, azərbaycanlıların Altay dağlarında özlərinə vətən axtarmalı olduqlarına dair eyhamlı qələti isə heç etməməlidir.

Onu da bildirək ki, Prezident İlham Əliyev AMEA-nın 80 illiyi ilə bağlı yığıncaqdakı çıxışında azərbaycanlıların Ermənistan ərazisindəki tarixi dədə-baba yurdlarına qayıdışının bu ölkənin rəhbərliyini və cəmiyyətini qorxutmalı olmadığını vurğulamış, bildirmişdi ki, azərbaycanlılar yaşadıqları ölkələrə xidmət edirlər, heç bir separatçı niyyət güdmürlər. Dövlətimizin başçısının fikrinin Gürcüstan kimi təsdiq nümunəsi var.

Gürcüstanda, az qala, yarım milyona yaxın soydaşımız kompakt halda yaşayır. Bu əhali ölkəni özünə vətən bilir, heç bir halda xüsusi vətən axtarışına çıxmır. Amma Qarabağda yaşayan və sayı heç yüz mini haqlamayan erməninin hansı oyunlarda alət olduğunu yaxşı gördük. Əvvəllər də görmüş, həmçinin “vətən sevdalı” erməni millətçiləri tərəfindən yaxın tarixin müxtəlif dövrlərində deportasiyalara məruz qoyulmuşuq. Dövlətimizin başçısının fikirləri bütün bu kimi halların təkrarlanmaması üçün müqavimət aşılayır. Belə də olmalıdır. Simonyan və onun kimilər, ümumən erməni cəmiyyəti də Prezident İlham Əliyevin dilə gətirdiklərinin bundan qaynaqlandığını düşünməlidir.

Bu gün Ermənistanda “Artsax” deyib sərsəmləyənlər varsa, deməli, erməni cəmiyyətinin köhnə stereotiplərdən uzaq durduğunu söyləmək mümkünsüzdür. Simonyanlar nəzərə almalıdırlar ki, azərbaycanlıların Göyçə, Zəngəzur həsrəti heç vaxt müharibə, yaxud qarşıdurma doğurmayıb. Ancaq ortada minlərlə insan həyatına son qoymuş iki Qarabağ müharibəsi var ki, onların hər ikisinin günahı Ermənistanın üzərindədir. Yaxşı olar ki, ölkənin rəhbərliyində, hakim komandasında təmsil olunan şəxslər Azərbaycan Prezidentinin fikrinə reaksiya verərkən, məhz bunu düşünsünlər. Təkcə düşünməsinlər, həmçinin, cavab qismində nə isə deməyə, danışmağa nə dərəcədə haqlarının çatdığının fərqinə varsınlar. Ən yaxşı halda sussunlar.

Amma susmurlar və A.Simonyan Prezident İlham Əliyevin vurğuladıqları məqamlarda Bakı-İrəvan sülh prosesinə zərərlər “axtarışına çıxır”. Halbuki, belə yanaşma əsla yolverilməzdir. Çünki Ermənistan rəhbərliyi yekun sülhün əldə olunması, barış sazişinin imzalanması üçün ən vacib şərti yerinə yetirməyib. Söhbət Ermənistan konstitusiyasının ölkənin işğalçı mahiyyət daşıyan, ərazi iddiası məntiqinə köklənmiş Müstəqillik Bəyannaməsinə istinadının aradan qalxmamasından gedir. Bu baş verməyincə, Ermənistanın üzərindən işğalçı damğası götürülməyəcək və ölkənin təmsilçilərinin sülhə yönəlik fikirləri səmimiyyətdən uzaq imitasiyadan başqa bir şey olmayacaq.

Ə.CAHANGİROĞLU
XQ

Chosen
43
xalqqazeti.az

1Sources