Tanınmış rusiyalı televiziya aparıcısı Yuri Nikolaev 76 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə balet ustası Nikolay Tsiskaridze özünün "Telegram" kanalında məlumat verib.
“Yaxınlarda ‘Bu axşam’ verilişində birlikdə o insanın peşəkar yubileyini qeyd edirdik ki, o, bir çox ulduzların parlamasına səbəb olmuşdu... İndi isə onun dünyasını dəyişdiyi xəbəri gəldi... Nə qədər acıdır,” – deyə sənətçi yazıb.
Nikolaev 4 noyabr tarixində Moskvadakı klinikalardan birinə hospitalizasiya olunub. KİV-in məlumatına görə, 76 yaşlı aparıcı səhər saatlarında evdə özünü pis hiss edib və həkimlər onun təcili xəstəxanaya yerləşdirilməsinə qərar veriblər.
Jurnalistlərin bildirdiyinə görə, ilk narahatlıq əlamətləri 2 noyabrda müşahidə olunub: sənətçi üç gün ərzində davam edən 37,7°C temperatur və güclü halsızlıq səbəbilə tibbi yardım üçün müraciət edib. Həkimlər onda aşağı saturasiya aşkar etsələr də, Nikolaev hospitalizasiyadan imtina edib.