EN

Ramiz Mehdiyevin karyerasında və AXCP- Müsavat birliyində üst-üstə düşən tarix...


Ceyhun Məmmədov: “...Bir işbirliyinin olması məsələsini ciddi şəkildə gündəmə gətirir”

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə radikal müxalifət arasında ciddi bağların olduğu, sözügedən düşərgənin Mehdiyev tərəfindən idarə olunduğuna dair məlumatlarla hər kəs tanışdır.

Radikal kəsimi məhz onun idarə etdiyini söyləməyə əsas verən bir sıra məqamlar özünü göstərməkdədir.

Mehdiyev yüksək dövlət vəzifəsi tutduğu dövrdə radikal müxalifət bir-birinin bəhsinə icazəsiz aksiyalar keçirirdi. Amma R.Mehdiyev vəzifədən gedən kimi radikalların aksiyalar keçirməsi dayandı, onlar daha çox sosial şəbəkələrdə görünməyə başladılar.

2019-cu ildə Ramiz Mehdiyev PA rəhbərliyindən azad ediləndən sonra AXCP və Müsavatın Bakıda radikal icazəsiz aksiyalarının dayanması təsadüf idimi?

“Ramiz Mehdiyevin dövründə radikal müxalifət mitinq keçirirdi...”

Millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə bildirdi ki, əslində müxalifətçilik dövlətə, dövlətçiliyə, dövlət əhəmiyyətli məsələlərə qarşı olmaq anlamına gəlmir. “Müxalifətin əsas missiyası prinsipial məsələlərdə dövlətin, dövlətçiliyin yanında olmağı bacarmaqdır. Biz bu gün proseslərə baxanda, təəssüf ki, bunu tam görmürük. Bu gün haqlı bir fikir ortaya çıxır ki, Ramiz Mehdiyev vəzifəsindən azad olunandan sonra biz radikal müxalifətin icazəsiz mitinqlərinin səngidiyini görürük. Çünki əvvəlki mitinqlər və əvvəlki məsələlər yoxdur. Burda sual yaranır ki, bunun kökündə nə durur, nə baş verir? Ramiz Mehdiyevin dövründə radikal müxalifət mitinq keçirirdi, indi isə belə məsələ yoxdur. Bu hansısa bir işbirliyinin olması məsələsini ciddi şəkildə gündəmə gətirir, ciddi suallar yaradır. Bu əslində çox ciddi və önəmli bir məsələdir. Hesab edirəm ki, bu da xüsusi olaraq diqqətdə saxlanılmalıdır və nəzərdən keçirilməlidir ki, bu məsələnin kökündə nə durur. Səbəb nədir və onlar arasında hansı işbirliyi var? Əminəm ki, hüquq-mühafizə orqanları bütün detalları araşdırıb üzə çıxaracaq və hər şey tam aydın olacaq”-deyə C.Məmmədov bildirdi.

İradə SARIYEVA

Chosen
47
baki-xeber.com

1Sources