EN

Zəfərə aparan yol xalq iradəsinin və lider qətiyyətinin təntənəsidir

Azərbaycanın dövlətçilik fəlsəfəsinin təməlində həmişə bir ali məqsəd dayanıb: Vətən torpaqlarının bütövlüyü, xalqın azad iradəsi, bayrağımızın doğma yurdun hər nöqtəsində dalğalanması. Bu, bütün dövrlərdə dövlət siyasətinin dəyişməz prioriteti olub. Cnab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu məqsəd sistemli siyasət, güclü ordu və prinsipial diplomatiya ilə gerçəkləşdirildi. Azərbaycan uzun illər danışıqlar masasında prinsipial mövqe nümayiş etdirərkən eyni zamanda müasir, peşəkar ordu quruculuğu siyasəti həyata keçirirdi. Dövlət büdcəsində hərbi xərclər daim prioritet idi. Ordunun maddi-texniki bazası gücləndirilir, ən müasir silah-sursat və texnologiyalar alınırdı.

Hərbi sənaye kompleksinin yaradılması Azərbaycanın müdafiə qabiliyyətini daha da artırdı. Bu gün ölkəmiz yüzlərlə adda hərbi təyinatlı məhsul istehsal edir, ordusunu öz istehsalı hesabına təchiz edir. Qarabağda erməni təxribatları XIX əsrdən – çar Rusiyası dövründən başlayıb. Tarix boyu azərbaycanlılar etnik təmizləmə, soyqırımı və deportasiyalara məruz qalıblar. 1948-1953-cü illərin deportasiyaları, 1988-ci ildən başlayan Qarabağ hadisələri yüz minlərlə insanı yurd-yuvasından didərgin saldı.Bu ağrı dolu tarix xalqın yaddaşına ədalət və azadlıq mübarizəsinin motivi kimi həkk olundu.

2020-ci ilin 27 sentyabrında Azərbaycan Ordusu Ermənistanın təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına başladı. “Dəmir yumruq” əməliyyatının ilk saatlarından uğur xəbərləri gəldi. Hər gün irəliləyən Azərbaycan Ordusu 44 gün ərzində düşmən ordusunu darmadağın etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Şuşa – bu adlar hər bir azərbaycanlının qəlbində qəhrəmanlıq salnaməsinə çevrildi. Şuşanın azadlığı isə müharibənin taleyini həll edən həlledici an oldu. 9 noyabr gecəsi imzalanmış üçtərəfli bəyanatla düşmən kapitulyasiya aktına imza atdı. Ağdam, Kəlbəcər, Laçın rayonlarının sülh yolu ilə qaytarılması Azərbaycanın diplomatik və hərbi qələbəsinin tərkib hissəsinə çevrildi. Bu Qələbə sadəcə torpaqların azadlığı deyil, həm də milli ləyaqətin, ədalətin bərpası idi. Cənab Prezident İlham Əliyevin dediyi kimi “Ona görə Qələbəyə aparan yol müxtəlif istiqamətlərdən keçdi. Əsas vəzifə güclü Silahlı Qüvvələrin yaradılması idi və biz bunu etdik.” Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb. Yaralı əsgərlər belə döyüş meydanına qayıtmaq üçün həkimlərdən icazə istəyirdilər. Bu, xalqın ruh gücünün, mənəvi birliyinin göstəricisidir.

Müharibə zamanı həm orduda, həm arxa cəbhədə misilsiz birlik hökm sürürdü. “Öldü var, döndü yoxdur” – bu şüar əsgərlərimizin rəmzinə çevrildi.  Bakıda yaradılmış Hərbi Qənimətlər Parkı Vətən müharibəsinin canlı salnaməsidir. Burada Azərbaycan əsgərinin iradəsi, düşmənin məğlubiyyəti hər eksponatda əks olunur. 2020-ci il dekabrın 10-da keçirilən Zəfər Paradı isə tariximizin ən möhtəşəm anlarından biri idi – Müzəffər Ali Baş Komandan İlham Əliyev və qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin paradı birlikdə qəbul etdilər. Azərbaycan Ordusunun 44 günlük müharibədə tətbiq etdiyi taktika və əməliyyat üsulları bu gün dünyanın hərbi akademiyalarında öyrənilir. ABŞ və Avropa ekspertləri Azərbaycanın döyüş strategiyasını XXI əsrin yeni müharibə modeli adlandırırlar. Cənab Prezident İlham Əliyevin müharibə zamanı beynəlxalq mediaya verdiyi 30-dan çox müsahibə Azərbaycanın diplomatik cəbhədəki qələbəsinin rəmzinə çevrildi. Dövlət başçısı informasiya savaşında gerçəkliyi, ədaləti və Azərbaycanın haqq səsini bütün dünyaya çatdırdı. Onun səsi həm döyüş meydanında, həm diplomatik tribunada qalib səs idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” bəyanatı 44 günlük müharibənin mənəvi dayağına çevrildi. Şuşa Bəyannaməsi isə bu qardaşlığın hüquqi-siyasi təməlini qoydu. “Dəmir yumruq” – bu yalnız hərbi əməliyyatın yox, xalqın həmrəyliyinin, milli iradənin rəmzidir. Vətən müharibəsində xalq, ordu və dövlət bir yumruğa çevrilərək düşməni darmadağın etdi. Bu birlik əbədi olacaq – çünki Zəfər artıq bizim milli kimliyimizin bir hissəsinə çevrilib.

Zəfər Günü bizə təkcə keçmişin qürurunu xatırlatmır – həm də gələcəyin məsuliyyətini xatırladır. Bu məsuliyyət – azadlığı qorumaq, ədaləti yaşatmaq, milli birliyi möhkəmləndirmək məsuliyyətidir. Bu gün hər bir Azərbaycan vətəndaşı, hər bir gənc, hər bir uşaq bilir ki, bu torpaq şəhid qanı ilə yoğrulub, Zəfər xalqın ruhundan doğulub. 8 Noyabr-Zəfər Günü-xalqın yaddaşında əbədi qalacaq bir tarixdir: Azərbaycanın ucaldığı, millətin birləşdiyi, Vətənin azad nəfəs aldığı gün.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

3Sources