EN

Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə Böyük Britaniya arasında həyata keçirilən ticarət əməliyyatlarının ümumi həcmi 955,5 milyon ABŞ dolları olub.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 359,7 milyon dollar və ya 60,4 faiz artım deməkdir.

Hesabat dövründə Böyük Britaniya ilə ticarət Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 1,73 faizini təşkil edib. Bu nəticə Böyük Britaniyanı Azərbaycanın ən çox qarşılıqlı ticarət etdiyi ölkələr sırasında yedinci yerə çıxarıb.

Cari ilin ilk doqquz ayında Azərbaycandan Böyük Britaniyaya 241,2 milyon dollar dəyərində məhsul ixrac olunub, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 159 milyon dollar və ya 39,7 faiz azalma deməkdir. Digər tərəfdən, Böyük Britaniyadan Azərbaycana idxal 714,3 milyon dollar həcmində olub ki, bu göstərici illik müqayisədə 518,7 milyon dollar və ya 3,7 dəfə artım deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə ümumilikdə 35,375 milyard ABŞ dolları həcmində ticarət əməliyyatları həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 877 milyon dollar və ya 2,5 faiz artım deməkdir. Ümumi xarici ticarət dövriyyəsinin 18,606 milyard ABŞ dolları ixracın, 16,769 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 1,248 milyard dollar (6,3 faiz) azalıb, idxal isə 2,126 milyard dollar (14,5 faiz) artıb.

Fuad Mədətov
Finss.az

Chosen
9
5
fins.az

10Sources