Son illər Azərbaycana gələn turistlərin sayı artıb. Turistlərin sayı artdıqca isə turistik bölgələrdə, paytaxt Bakıda bundan daha çox qazanc əldə etmək istəyi də artıb. Belə ki, bəzi restoran və kafelərdə eyni xidmət üçün yerli müştərilərə bir, turistlərə isə başqa qiymət deyilir.
Bu, bəzən “depozit” adı altında, bəzən isə menyuda göstərilməyən gizli xərclərlə özünü büruzə verir. Yəni restoranlar depozit şərti qoyarkən yerli müştərilərdən bir, xarici müştərilərdən isə başqa məbləğ tələb edirlər. Halbuki hər bir müştəri eyni qiyməti ödəməlidir.
Məsələyə münasibət bildirən turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov Bizim.Media-ya deyib ki, bu cür fərq etik hesab edilmir:
“Bəzi restoranlarda depozit sistemi var. Restoranlar öz yerlərini dəyərləndirmək üçün bu sistemi tətbiq edir. Restoran gün ərzində müəyyən masalara xidmət edir. Restoranların bəlli xərcləri var, xüsusilə, yerlər mərkəzi ərazilərdə icarəyə götürüldükdə xərclər artıq olur. Ona görə çalışırlar ki, xidmət etdikləri dövrdə depozitlə bəlli bir gəlirini, satışını təminata almış olsun.
Depozit olmaması restoran üçün səmərəli olmaya bilər. Çünki müştərilər yeri tutaraq restoranların yerini digərlərinə satmaq imkanlarını məhdudlaşdıra bilərlər.
Bunu hər bir restoran özünün daxili qaydalarına uyğun edə bilər. Menyularda, eləcə də depozitdə yerli və xarici müştəriyə fərq qoymaq etik deyil. Bu, doğru hesab edilmir. Menyuda qiymət eyni olduğu kimi depozit məsələsində də eyni qayda tətbiq olunmalıdır”.
Günay Şahmar, Bizim.Media