EN

Süleyman Mikayılov tutulanları “unuda” bilmir… FOTO

Qaradağ Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 3 gün öncə əməliyyat keçirildi.

Tribuna-ın məlumatına görə, istintaq çərçivəsində icra başçısının müavini Nadir Muradov, rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, həmin rayon icra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov saxlanılıb.

Məhkəmənin qərarı ilə adları çəkilən şəxslər barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Onlara qarşı rüşvət alma (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri) ilə bağlı ittiham irəli sürülüb.

Qaradağ rayonunda aparılan əməliyyatla bağlı ilkin məlumatlara görə, saxlanılan məmurların rüşvət müqabilində müəyyən torpaq və icazə məsələlərinə qanunsuz müdaxilə etdikləri iddia olunur.

Diqqətçəkən məqamlardan biri isə odur ki, əməliyyatın keçirilməsindən üç gün keçməsinə baxmayaraq, Qaradağ Rayon İcra Hakimiyyətinin rəsmi saytında struktur bölməsində hələ də saxlanılan şəxslərin adları və vəzifələri qalmaqdadır. İcra hakimiyyəti rüşvıt ittihamı ilə saxlanılan əməkdaşlarını hələ də silə bilmir.

Bu hal, icra hakimiyyətinin hadisəyə münasibət bildirməməsi və struktur məlumatlarını yeniləməməsi ilə yanaşı, şəffaflıq və ictimai məsuliyyət baxımından ciddi suallar doğurur. Niyə İH bu şəxsləri rəsmi saytın struktur bölməsindən silə bilmir?

Xatırladaq ki, son illərdə DTX-nın korrupsiya və rüşvət faktları ilə bağlı icra strukturlarında keçirdiyi əməliyyatlar bir sıra rayon rəhbərliklərini ifşa edib. Görünür, Qaradağ hadisəsi də həmin prosesin növbəti mərhələsidir.

Gülşən Rəsul

Chosen
42
1
tribunainfo.az

2Sources