BAKI, 4 noyabr. TELEQRAF
ABŞ-nin “SpaceX” şirkəti Türkiyənin tamamilə yerli istehsalı olan yeni peykini orbitə çıxarıb.
Teleqraf xəbər veirr ki, bu barədə Türkiyənin “Fergani Space” kosmik şirkəti məlumat yayıb.
Bildirilir ki, "FGN-100-D2" adlı bu peyk ölkənin ən böyük özəl peykidir. O, ABŞ-nin Florida ştatındakı Kanaveral burnundan “SpaceX”in “Bandwagon-4” missiyası çərçivəsində buraxılıb. Təxminən 74 dəqiqə sonra peyk daşıyıcı raketdən ayrılaraq orbitə yerləşib və ilk siqnallarını göndərib.
Şirkətin açıqlamasına əsasən, 104 kiloqram çəkisi olan "FGN-100-D2" saniyədə 7,6 kilometr sürətlə hərəkət edir və sutkada təxminən 15 dəfə Yer ətrafında dövr edir. Peyk 510 kilometr hündürlükdə fəaliyyət göstərəcək və onun missiyasının 5-7 il davam edəcəyi planlaşdırılır.
“Bu missiya ilə Türkiyənin kosmik texnologiyalar sahəsində müstəqillik yolunda yeni mərhələyə qədəm qoyduğunu bəyan edirik”,- deyə “Fergani Space”in açıqlamasında bildirilib.
Şirkət qarşıdakı beş il ərzində 100-dən çox peyk buraxmağı planlaşdırır.