Sosial şəbəkələrdə caduları "əli ilə qoymuş kimi" tapan şəxsləri görürük. Əksər hallarda bu cadular gizlin, əlçatmaz yerlərdən çıxarılır. Təbii ki, buna inananlar da var, inanmayanlar da. Bəs ümumiyyətlə, dində cadu anlayışı var? Bu doğrudan da, kiminsə ölümünə bais ola bilərmi?İlahiyyatçı Tural İrfan Metbuat.az-a açıqlamasında bildirib ki, dinə görə cadu, sehr, tilsim var və onların təsiri də var.   Onun sözlərinə görə, Quranda da bundan bəhs edilib:"Sadəcə bu əməllərin şeytan əməli və günah iş olduğu vurğulanır, məşğul olmaq isə haram sayılır. Müəyyən araşdırmalara və rəylərə görə cadunun təsiri mənfi enerjinin yönəldilməsi və psixoloji təsirlə iz qoya bilir. Telepatiya və müxtəlif təsir vasitələri bu əməldə istifadə olunur. Cadu tapdığını deyənlər və belə bir qabiliyyəti olduğunu deyənlər illüziya və gözbağlayıcılıq metodlarından istifadə edirlər. Əgər itil tapmaq, cadu çıxarmaq qabiliyyəti olanlar olsaydı, Qarabağdan mina çıxarmaq üçün ANAMA şirkətinə milyonlarla vəsait xərclənməzdi. Cadu çıxaran şəxsləri aparıb asanlıqla basdırılmış minaların yerini öyrənmək olardı. Yaxud müəyyən şəxslərin itmiş əşyalarını tapmaq üçün, cinayətlərin açılması üçün qüvvə sərf olunmazdı".
T.İrfan əlçatmaz yerlərdən cadu çıxaranların olmasını dində onların cin və ya şeytanla əlaqədar olmaları ilə əsaslandırıldığını söyləyib:"Lakin elmi izahı budur ki, müəyyən insanlarda müxtəlif əşyalara qarşı həssas reaksiya və hisslərin olması mümkündür. Hisslərin güclü olması, mütəmadi olaraq məşq etməklə, hipnoz vasitəsilə bu kimi işlər görənlər var. Ekstrasens adı ilə bu kimi işlərlə məşğul olanlar da var. Təbii ki, sözü gedən mövzu haqda tam elmi tədqiqatlar aparılmadığı üçün konkret izah vermək mümkün deyil. Sadəcə dinin və digər sahələrin bu kimi işlərə yanaşması mənfidir. Peyğəmbər zamanında bir yəhudi uşağın insanların düşüncəsini oxuduğunu dedilər. Peyğəmbər onu yoxladı və gördü ki, həqiqətən də oxuya bilir. Lakin bu işdən uzaq olmasını tövsiyyə etdi".Sevinc İbrahimzadə / Metbuat.az