Qış yaxınlaşdıqca "hansı çay həqiqətən faydalıdır?" sualı yenidən gündəmə gəlib. Mütəxəssislərin və elmi tədqiqatların nəticələrinə görə, nə qara, nə yaşıl, nə də adaçayı - ən sağlam çay ıhlamur (cökə) sayılır. Yumşaq təsirinə baxmayaraq, ıhlamur immun sistemini gücləndirir və soyuq fəsillərdə bədənin ən güclü təbii müdafiə vasitəsinə çevrilir.
Musavat.com milli.az-a istinadən xəbər verir ki, Serbiyada aparılan laborator analizlərdə, təbii və satışda olan ıhlamur çaylarının 23 fərqli bakteriya növünə qarşı güclü antimikrob təsir göstərdiyi və yüksək antioksidant tərkibə malik olduğu müəyyən edilib.
Türkiyədə aparılan başqa bir araşdırma isə ıhlamurun dəmlənmə üsuluna görə antioksidant səviyyəsinin dəyişdiyini ortaya qoyub. Alimlər bildirirlər ki, qaynar suyun 1-2 dəqiqə soyudulub istifadəsi, bitkinin faydalı maddələrinin suya daha yaxşı keçməsini təmin edir.
Avropa Dərman Agentliyi (EMA) hazırladığı hesabatda ıhlamurun yuxarı tənəffüs yolları xəstəliklərində rahatladıcı və sakitləşdirici təsir göstərdiyini qeyd edib. Bununla belə, bu təsirin insanlar üzərində tam sübut olunması üçün əlavə klinik tədqiqatlara ehtiyac olduğu vurğulanıb.
Kanadanın Səhiyyə Qurumu da ıhlamurun əsəbləri sakitləşdirən təsirini qəbul edir, lakin doza və uzunmüddətli istifadə mövzusunda ehtiyatlı olmağı tövsiyə edir.
Qidalanma mütəxəssislərinə görə, ıhlamur kafeinsiz və orqanizm üçün asan qəbul edilən bitki çayıdır. Axşam saatlarında içilməsi tövsiyə olunur. Soyuqdəymə dövrlərində bədənə maye dəstəyi ilə birlikdə içildikdə boğazı yumşaldır, öskürəyi azaldır və immuniteti gücləndirir.
Həkim Elise Morgan bildirir: "Ihlamur zərif bir bitkidir, amma təsiri çoxşaxəlidir. Lakin heç bir bitki çayı möcüzə deyil. Sağlamlıq problemi yaşayanlar mütləq həkimlə məsləhətləşməlidir."
Mütəxəssislər xəbərdarlıq edir ki, hamilə və əmizdirən qadınlar, xroniki ürək və qaraciyər xəstələri və davamlı dərman qəbul edən şəxslər bitki çaylarını yalnız həkim nəzarəti ilə içməlidirlər.
Bundan əlavə, ıhlamurun təbii olması onun həddindən artıq və uzunmüddətli istifadəsini zərərsiz etmir - bu halda bədən lazımsız şəkildə yüklənə bilər.