EN

Azərbaycan dünyada neft elminin əsas mərkəzlərindən biri hesab olunur

Səksən il ərzində Azərbaycanın elmi elitası formalaşdırılıb və ölkəmizin aparıcı qüvvələrindən birinə çevrilib. Elmi elita və yaradıcı ziyalılar dövlətlə xalq arasında mənəvi körpü olub, ölkəmizdə birliyə və həmrəyliyə, sabitlik və inkişafın daha da möhkəmləndirilməsinə xidmət edir. Heydər Əliyev – İlham Əliyev epoxasında dövlət, lider və ziyalı həmrəyliyi ən yüksək səviyyədə inkişaf etdirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu fikri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli noyabrın 3-də Akademiyanın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda “Azərbaycan Milli Elmlər Akademiyasının miqyası və missiyası” mövzusunda məruzəsində söyləyib.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, Azərbaycan dünyada neft elminin əsas mərkəzlərindən biri hesab olunur. Neft kimyası (Yusif Məmmədəliyev), neft resmakulyasiyası nəzəriyyəsi (Murtuza Nağıyev), neft mexanikası (Azad Mirzəcanzadə), neft geologiyası (Mirəli Qaşqay), neft maşınqayırması, neft iqtisadiyyatı (Bəhman Axundov) kimi elm sahələrində Azərbaycan alimləri dünya rekordu qazanmış ölkələrdəndir. Təsadüfi deyil ki, Azərbaycanı Neft Akademiyası adlandırırlar.

“Keçmiş SSRİ-də Moskva riyaziyyat məktəbindən sonra ikinci yeri Gürcüstan, üçüncü, dördüncü yerlərdən birini isə Azərbaycan riyaziyyatçıları tutmuşlar.

Geologiya elminin müxtəlif sahələri, o cümlədən paleontologiya, palçıq vulkanları, neft geologiyası, dağ-mədən geologiyası və sair sahələrdə aparılmış tədqiqatlar ölkəmizdə zəngin təbii sərvətlərin üzə çıxarılmasına və sosial-iqtisadi sahələrin inkişafına böyük təkan verib.

Bütövlükdə isə ölkəmizin alimləri, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları həmişə ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfələrini veriblər. Su-elektrik stansiyalarının qurulması, enerji potensialının proqnozlaşdırılması, dənizdə neft hasilatı ideyasının irəli sürülməsi və reallaşdırılması, aqrar-sənaye kompleksinin yaradılması, ilk dəfə olaraq göz-peşə xəstəliklərinin fərqli müalicə üsullarının kəşfi, bioinformatika və fotosintezin ön mövqeyə çıxarılması, idarəetmənin optimallaşdırılması və avtomatlaşdırılması, yaşıl iqtisadiyyatın, alternativ enerji mənbələrinin elmi əsaslarının işlənib hazırlanması istiqamətlərində elm sosial sifarişlə cəmiyyətin reallıqları arasında körpü funksiyasını yerinə yetirib.

Yarımkeçiricilər fizikası və selen tədqiqatları üzrə də Azərbaycanda elmi məktəb yaradılıb.

Nobel mükafatı laureatı Jores Alfyorov 2015-ci ildə Sankt-Peterburqda bizimlə söhbət zamanı yarımkeçiricilərin tədqiq edilməsi sahəsində Azərbaycanın Peterburq məktəbi ilə rəqabət apara bilmək imkanlarının olmasını etiraf edib”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

Chosen
28
1
azerbaijan-news.az

2Sources