EN

Gürcüstana 3 ayda 3 milyon turist?: Bəs, bizdə niyə o “əjdaha”dan yoxdu?

İndicə Gürcüstan Milli Statistika Xidmətinin (Sakstat) hesabat paylaşıb.

NOCOMMENT.az xəbər verir ki, hesabata görə, 2025-ci ilin iyul-sentyabr aylarında Gürcüstana 3 milyon səyahətçi səfər edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,6% çoxdur.

Yəni, Gürcüstana turist səfərlərinin sayı 9% artaraq 2 milyona çatıb və səfərlərin əsas məqsədləri istirahət və əyləncə olub.

Ən çox ziyarətçi Rusiyadan gəlib – 567,1 min nəfər, bu da ümumi ziyarətçilərin 26,1%-ni təşkil edir. Onları 16,5 faizlə Türkiyə, 11,8 faizlə Ermənistan izləyir.

Ümumilikdə Rusiya vətəndaşları 664,6 min, Türkiyə vətəndaşları 430,000, Ermənistan vətəndaşları isə 329,3 min səfər edib.

Sakstatın məlumatına görə, 2025-ci ilin üçüncü rübündə əcnəbilər Gürcüstanda 6,2 milyard lari xərcləyib ki, bu da 2024-cü ilin iyul-sentyabr ayları ilə müqayisədə 8,6% çoxdur. Bir səfərə görə xərclər 1,7% artaraq 2 467,5 lari təşkil edib.

Həmin an ağlıma ilk gələn sual bu oldu: Bəs bizim ölkəmizə niyə o qədər turist səfər etmir?

Başladım araşdırmağa: Sən demə, bu ilin yanvar-iyul aylarında turizm məqsədiylə Azərbaycana 1 milyon 40 min 648 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Axı, niyə belə az….

Bu gün Azərbaycanda fəaliyyət göstərən otellərdə qiymətlər xidmət səviyyəsindən asılı olmayaraq kifayət qədər bahadır. Məsələn Teleqraf.az-ın məlumatına görə ən yüksək qiymət “Four Seasons Hotel Baku”dadır. Burada 4 günlük qonaqlama 5 025 manatdan başlayaraq 7 684 manata qədər yüksəlib.

Əslində digər xidmətlər də nöqsanlarla doludur:” Ölkəyə gələn turistlərin 108 min 237 nəfəri və ya 11,4%-i göstərilən xidmətləri qənaətbəxş hesab etməyiblər. Mediamızda gedən rəsmi açıqlamalara görə, turistlər ən çox avtobusların xidmətindən narazı qalıblar. 23 min turist hesab edib ki, avtobusla sərnişindaşıma xidməti qənaətbəxş deyil.

Bundan başqa 18 min 579 turist ictimai iaşə (kafe, restoran və s.) xidmətlərindən, 16 min 481 turist taksi xidmətindən, 11 min 276 turist bələdçi xidmətlərindən, 10 min 143 turist yerləşmə xidmətindən, 8 min 112 turist isə metro xidmətindən narazılıq edib”. (axar.az)

İqtisadçı deputat Vüqar Bayramov da açıqlamalarında Azərbaycana gələn turistlərin 80 faizindən çoxunun Bakı şəhərinə üstünlük verdiklərini vurğulayıb:” Bu o deməkdir ki, ölkəyə gələn hər 100 tursitdən cəmi 20-si Bakıdan kənara, rayonlara gedirlər. Bu ilin ilk 9 ayında turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusar olub. Azərbaycana gələnlərin 6,4 faizi sözügedən rayonda qalıblar. Bütövlükdə, tursitlərin 4,2 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 2,4 faizi Qubada, 0,6 faizi Şamaxıda, 2,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalara üstünlük veriblər”.
Amma Vüqar müəllim də açıqlamasında nöqsanların yanından “gözüyumulu keçməyib:”Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır. Bu isə ondan xəbər verir ki, bölgələrin turizm potensialının artırılması və daha çox turistlərin cəlb edilməsi üçün sistemli tədbirlərin və eləcə də bu istiqamətdə dövlət dəstəyinin gücləndirilməsinə ehtiyac var”.

P.S. Ay Allah, görən, Gürcüstandakı “əjdaha”dan bizdə nə vaxt olacaq. Zarafat deyil eyy…Əhalinin sayı ola 3 729 500 nəfər , ərazin də ola təxminən 69.700 kvadrat kilometr, gələn turistinin də sayı ola 3 milyon… Adamın lap paxıllığı tutur.

Əntiqə Rəşid

Chosen
71
nocomment.az

1Sources