EN

Trampın xristianların “kütləvi qətliamı” barədə bəyanatı  Nigeriyada şok effekti yaradıb

Bloomberg: ABŞ prezidentinin açıqlaması Nigeriyada siyasi və dini gərginliyi artırıb...

Poliqon xəbər verir ki, Nigeriyada ABŞ prezidenti Donald Trampın həftəsonu verdiyi bəyanat ciddi rezonans doğurub.

“Onlar xristianları öldürürlər və bunu çox böyük miqyasda edirlər… Biz buna imkan verməyəcəyik”, deyə Tramp iki gün əvvəl sosial şəbəkədə yazıb.

Bloomberg yazır ki, Nigeriyada guya “xristianlara qarşı soyqırımın” aparıldığı barədə yanlış təsəvvür Qərbdə, xüsusilə sağçı dairələrdə uzun illərdir dolaşır və bu mövzu Trampın birinci prezidentlik dövründə də gündəmə gətirilmişdi. Lakin son aylarda bu iddialar yenidən populyarlıq qazanıb və Nigeriyada narahatlıq yaradıb.

Afrikanın ən çox əhalisi olan ölkəsi (230 milyon) Nigeriya təxminən bərabər şəkildə müsəlman və xristian icmalarına bölünür. Ölkə uzun illərdir etnik zəmində zorakılıq, resurslara çıxış uğrunda mübarizə aparır və “Boko Haram”la İŞİD kimi qrupların terror aktlarından əziyyət çəkir. Qeyd olunur ki, bu radikal təşkilatlar çox vaxt məhz müsəlman icmalara qarşı hücumlar həyata keçirir.

Nigeriya prezidenti Bola Tinubu Trampın bəyanatına cavab olaraq bildirib ki, hökumət bütün dini icmaların təhlükəsizliyini təmin etmək üçün ABŞ və beynəlxalq tərəfdaşlarla əməkdaşlığa hazırdır.

“Nigeriyanın dini dözümsüz ölkə kimi təqdim olunması bizim milli reallığımıza uyğun gəlmir”, deyə Tinubu vurğulayıb.

Qeyd edək ki, Tinubu özü müsəlmandır, həyat yoldaşı isə xristian pastor kimi fəaliyyət göstərir. Bu fakt Nigeriyanın çoxkonfessiyalı cəmiyyətinin siyasi rəhbərlik səviyyəsində də təmsil olunduğunu göstərir.

Ekspertlərin fikrincə, Trampın bəyanatı, eləcə də onun Nigeriyaya qarşı mümkün hərbi tədbirlər və yardımı dayandırmaqla hədələməsi ABŞ-nin sağçı siyasi çevrələrində artan “xristianlara qarşı soyqırım” narrativinin yeni mərhələyə keçdiyini göstərir. Bu isə Qərb-Nigeriya münasibətlərində əlavə gərginlik yaradaraq, regiondakı dini balans üçün risk formalaşdıra bilər.

Poliqon.info

Chosen
62
poliqon.info

1Sources