EN

Levent Kurnaz: Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində iqlim böhranına qarşı birlikdə daha güclü ola bilər

Bakı, 3 noyabr, Pərvanə Qafarova, AZƏRTAC

Azərbaycan və Türkiyə iqlim böhranının yaranmasında məsuliyyət daşıyan ölkələr olmasa da, bu problemdən ən çox zərər görəcək regionda yerləşir. Bu problemi yaradan sənaye cəhətdən inkişaf etmiş dövlətlərdir. Azərbaycan və Türkiyə isə bu prosesin qurbanı olan ölkələrdir. Buna görə də bizim üçün əsas məsələ özümüzü qorumaq, gələcəkdə yaranacaq fəlakətlərə qarşı hazırlıqlı olmaqdır.

Bu barədə AZƏRTAC-a müsahibəsində İstanbul Boğaziçi Universitetinin İqlim Dəyişikliyi və Siyasət Araşdırmaları Mərkəzinin rəhbəri, professor Levent Kurnaz bildirib.

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfələri yüksək qiymətləndirən professor COP30 ərəfəsində Türkiyə ilə əməkdaşlıq perspektivləri barədə danışıb.

Levent Kurnaz gələcək əməkdaşlıq istiqamətlərinə toxunaraq, iki ölkə arasında ekoloji və aqrar sahələrdə təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib: “Azərbaycanla Türkiyənin iqlimlə bağlı problemləri eynidir. Xüsusən də, kənd təsərrüfatında ciddi çətinliklər yaşanır. Türkiyə bu məsələlərin texniki həlli yollarını müəyyənləşdirib və həmin bilikləri Azərbaycana ötürə bilər. Azərbaycanda dövlət idarəçiliyi səviyyəsində bu ideyaların tətbiqi daha asan ola bilər”, – deyə o qeyd edib.

Mərkəzin rəhbəri COP31 sammitinin Türkiyədə keçirilməsi ehtimalını da şərh edərək bildirib ki, hazırda Avstraliya bu istiqamətdə daha güclü namizəd hesab olunur: “Əgər Türkiyə öz namizədliyini geri çəkməsə və Avstraliya da israrlı olsa, konfransın Almaniyada keçirilməsi ehtimalı böyükdür. Çünki Qərb ölkələrinin əksəriyyəti Avstraliyanın tərəfini tutur. Buna baxmayaraq, biz – türk dövlətləri bir-birimizi dəstəkləməliyik”, – deyə Levent Kurnaz vurğulayıb.

Chosen
21
1
azertag.az

2Sources