EN

“Nəğmələrdə yaşayan ömür” not kitabının IV cildi Qarabağ Zəfərinin 5 illiyinə həsr olunub

Oxucuların ixtiyarına verdiyimiz, bəstəkar Bəhram Nəsibovun əsərlərindən ibarət “Nəğmələrdə yaşayan ömür” not kitabının IV cildi bu il ökəmizdə təntənəli şəkildə qeyd edilən Qarabağ Zəfərinin beşinci ildönümünə, həmçinin “Konstitusiya və Suverenlik ili”nə həsr olunub. Kitaba bəstəkar Bəhram Nəsibovun 100 əsəri daxil edilib. Onlardan 15 mahnı vaxti ikən ifa olunub, 85 mahnı isə hələ ki, ifa edilməyib.

“Nəğmələrdə yaşayan ömür” kitabının IV cildi beş bölümdən ibarətdir. “Uşaqtək saflasdırıb paklaşdıran vətən sevgisi” adlandırdığımız birinci bölümə 10 əsər daxil edilib. Bu əsərlərdən yalnız biri, xalq bayatılarına bəstələnmiş “Elə bəndəm” mahnısı ifa edilib. Bu bölümdə vətənpərvərliyi, bölgələrimizi vəsf edən əsərlərlə yanaşı, tarixi dəyərlərə bağlılığı tərənnüm edən, tarixi şəxsiyyətlərin tanıdılması ilə vətənə xidmət edən əsərlər yer alıb. Bu bölümdə həmçinin dünyanın fani olmasını və ölümündən sonra da adının yaşaması üçün xeyirxahlıq edərək humanist və ədalətli insan olmağa, vətəni bu vasitəylə sevməyə səsləyən əsərlər yer alıb. Bu bölüm vətəni musiqinin diliylə sevmək məqamının əksini tapdlğı mahnı ilə tamamlanır.

Vətənin rəmzi sayılan analar və əsrarəngiz təbiət insan xislətindəki sevgi hissinin ilk  müəllimi sayılırlar. “Ana vətən” və “Ana təbiət” deyimi bəlkə də məhz bu məqamla əlaqəlidi. Bu mövqeyə əsaslandığımızdan ikinci bölümdə təbiəti, üçüncü bölümdə isə həyat elminin ilk müəllimi analar olan, gələcəyimiz uşaqlara həsr edilmiş əsərlər daxil etmişik.

“Yaranış, yaşam, əbədiyyət rəmzi təbiət” adlandırdığımız, əsrarəngiz ana təbiəti vəsf edən ikinci bölümə 10 əsər daxil edilib. Bu əsərlərdən “Dünyanın gözəlliyi” , “Baharım təzələndi” və “Gecələr ay gecələr” ifa edilib. Bölüm “Dünyanın gözəlliyi”ni vəsf edən əsərlə başlayır. Sovet dönəmində Türkçülük, Turançılıq mövzusunda nəinki danışmaq bu mövzuda eyham vurmaq belə ən yaxşı halda “Milliyətçi” damğasıyla həbs edilməklə nəticələnirdi. Bəhram Nəsibov hər dəfə dramaturq Cəfər Cabbarlının SSRİ-nin yaraldılmasının onuncu ildönümünə həsr etdiyi “Sevil” tamaşasına izləyəndə gözləri yol çəkir, sanki Sevilin evdən qovulma anını həsrətlə gözləyirdi. Sevilin evindən işğalçı tərəfindən qovulma anında Gündüzə uzatdığı almanı görəndə gözündə donub qalan göz yaşını, eyhamlı dodaqqaçması gözündən yanağına endirirdi. Həmçinin Vaqif Səmədoğlunun “Uzaq yaşıl ada” şeirini oxuduqda da eyni hissi yaşayırdı. Sovet imeriyasının dağılması nəticəsində Türançılıq mövzusu ilə tanış olduqda Bəhram Nəsibovun bu əsərlərdəki şifrəli formada Türkçülüyün, Turançılığın vəsf olunduğunu anladım. Bu mahnıdan sonra baharın gəlməsiylə yalnızca təbiətin deyil insan ruhunun da canlaması, təzələnməsini əks edən əsərlərə yer vermişik. Təzələnmiş ruhumuz sanki tarlanı sığallayıb biçinə hazırlaşan “Tarla qızları”na qoşularaq öncə qayaları, sonra dağların zirvələrini fəth edir. Bölümə daxil etdiyimiz “Savalan”, “Ural” və “Fuci” dağlarını vəsf edən mahnılar sanki qədim Türk torpaqlarında yaşayan Türkdilli xalqları dünya xəritəsində nəhəng piramida formasında birləşdirir.

“Mələklərin yer üzündə canlı kölgəsi - uşaqlar” adlandırdığımız üçüncü bölümə 10 əsər daxil etmişik. Bu əsərlərdən yalnızca “Ana borcu” mahnısı ifa edilib. İnsanın anasına olan bağlılığı, borcunu qaytarmağın imkansızlığı və əbədiyyata qovuşduqdan sonra yerinin doldurulmasının mümkünsüzlüyü ilə mənən yanıb-yaxılmasını yalnız “Odlar ölkəsinin” odlu nəfəsi ilə ovuda bilməsi bölümün ilk mahnılarında əksini tapıb. Valideynin övladına verdiyi öyüd-nəsihətdə mərhəmətli olmağı, xeyrə-şərə yaramağın və sənət sahibi olaraq vətəninə yararlı olmaqla qurub-yaratmağı və yalnız bunun nəticəsində xoşbəxt olmağın sirrinə agah olmaq hissi bu bölümü tamamlayır.      

“Qızıl almanın nuru və istilik mənbəyi Turan” adlandırdığımız dördüncü bölümə 10 əsər daxil edilib. Bu əsərlərdən heç biri hələ ki, ifa edilməyib. Türkiyə Cumhuriyyətinin qurucu lideri Mustafa Kamal Atatürkü sözlərinə yazılmış “Oğuz oğulları” mahnısı ilə başlayan bu bölümdə qəhrəman Türk xalqı, cənnət vətəni və bu vətən uğrunda ölümə gözünü qırpmadan gedilməsindən bəhs olunur. Bu bölümdəki əsərlərlə tanışlıqdan sonra insan Türk olması ilə bir daha qürur duyur və bu vəsiləylə “Şəfa”lanır.  

“Müdriklik yolunun ilk addımı sevgi” adlandırdığımız beşinci bölümə 57 əsər daxil edilib. Bu əsərlərdən onu “Deyin hardadır”, “Eşqimin baharı”, “Səni qəmli görəndə”, “Xatırla məni”, “Sən də həmdəm mən də həmdəm”, “Saf eşqim”, “Ötən gənclik”, “Nədir xəyalın”, “Gözəl haralısan”, “Firuzə” mahnıları ifa edilib. Bəstəkar Bəhram Nəsibovun sevgi mövzusunda yazdığı əsərlərdə insan gah sevdiyi şəxsin qəminə qəmlənir, gah sevgisinə aldığı qarşılıqdan bahar fəsli kimi çiçəklənib Gülüstana çevrilir, gah da sevgi qəmiylə qəmlənib səbrlə, əzmlə xatirələrin zəif işığına boylanıb yenidən “İşıqlı dünya”ya çıxır, yenə sevir, sevilir, “Həyatda yaşayır yalnız yaradan” şüarıyla yenidən yaşayıb-yaratmaq istəyilə məhəbbət odunda alovlanır.

İnanırıq ki, oxuculara təqdim etdiyimiz kitab onları vətənimizin inkişafında yeni-yeni naliyətlər əldə etmələri üçün göstərəcəkləri fədakar əməyin odunu, alovunu daha da gur edəcək.

 

 

 

Adil Nəsibov 

“Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri

Chosen
56
qht.az

1Sources