EN

Eqron Şeldən poetik nümunələr

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

Eqron Şel Albaniyada anadan olub.  Bir çox ədəbi əsərlərin müəllifidir: şeir kitabları, romanlar və hekayələr. O, alban və digər başqa dillərdə 19 kitab, 13 antologiya və bir sıra jurnal, qəzet nəşr etdirmişdir. Eqron Şel “Atunis” Beynəlxalq Poetik Qalaktikanın prezidenti və Beynəlxalq Atunis Qalaktika Antologiyasının koordinatorudur. Beynəlxalq ədəbi mükafatlar laureatıdır. Bir çox qəzetlərdə, yerli və beynəlxalq jurnallarda çap olunur. Hazırda Belçikada yaşayır.

PARALEL XƏTLƏR

Oxuyuruq ovcumuzun içini,

Delphi* kahini -

o məşhur rahibənin oxuduğu kimi...

İki paralel xətt –

xətdən ötəsi

heç bir zaman kəsişməyən,

amma qaynayıb qarışan,

qan damarlarının xəritəsi kimi...

Ulduzların dilinin ucunda hər şey,

sirlər insanın ovcunda...

bir işığın yenidən doğmasını

gözlədiyimiz yerdə -

zərrə boyda bir işıq,

imanla göyə açılan əllər,

biz ovcumuzla doğulmuşuq.

Barmaqlar gəzişir akkordlarda,

çıxarır həyatın dadını...

Hardasa bir melodiya

çevrilir balladaya

və daha hardasa

başqa bir melodiyada

bir ah çəkilir,

tökülür odaya...

Çözülməli işarələr –

cızıq-cızıq ovcumuzda,

qədim inanclardan gəlir

köhnə taleyimiz,

bugünkü acımız da...

YENİDƏN ÜZƏ ÇIXAN GÖZƏLLİK

Oxudum gözlərini,

pıçıltılarla dönən həsrət dolu,

yalquzaq...

Kor baxışlarla gedib,

yenidən geri gələn,

konturlar arasındakı

istənməyən

xaotik bir dünyanın

istənilən baxışından uzaq...

Azad və saf bir ruhun

çılğınca sayıqlaması kimiydi.

Dağınıq saçları dalğalanırdı -

təsəlli həsrətiylə dolu bir dəniz,

gəzirdi sahildə,

yenidən tapılan

batmış bir gəmiydi...

Bundan sehrli mənzərə,

həzin sarsıdıcı bir an,

görməmişdim o vaxtacan...

Əridi bir anda sehr,

yanıb külə çevrildi.

Sonra yüksələn atəşlə

yenidən dirildi...

Zümrüddən parlaq

gözlərini özümlə götürdüm.

Ümmansız dünya geniş...

Paralel axınlarda

sürüklənən talelərin

görüşüydü o görüş,

minlərlə çəhrayı ləçəklər kimi alışdı,

alovsuz və titrəyişsiz

odda əriyən bir şam,

dəli gecəyə girdi

o axşam...

NAMƏLUM QADIN

Şəhərin üzərinə yavaş-yavaş

düşür axşam

və pərqu qar dənəcikləri, uçuşur,

əsla unutmazlar

toxunduqları buz yolları.

Sonra şərfinə sığınan

bir qadın dəyir gözə,

endirir beretini

gözlərinin üstünə

və gülümsəyir bizə.

Bir az dünyəvi bir meyil,

və bir az da zamanla itən izlər.

Mən sabah ordan yenə

keçə bilərəm,

amma bilirəm,

o gözəlliyi bir də görməyəcəyimi.

Fəqət,

yaddaşıma həkk olan bir an

və bir anlıq qızığlcım

qalır o qadından...

İngilis dilindən tərcümə Həyat ŞƏMİnindir

03.11.2025

Delphi - antik Yunanıstanda Parnassos dağının yamacında yer alan bir şəhər

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
86
525.az

1Sources