EN

Şəhid Abdullazadə Tağının anım günü qeyd edilib

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Abdullazadə Tağı İlham oğlunun anım günü münasibətilə Sədərək rayonunda tədbir keçirilib.

 

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, rayonda fəaliyyət göstərən təşkilatların rəhbərləri və əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, digər idarə təşkilat və nazirliklərin nümayəndələri, hərbçilər, polis əməkdaşları, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər, müharibə iştirakçıları, məktəb kollektivi və rayon sakinləri iştirak ediblər.

 

Sədərək kənd Şəhidlər Xiyabanında keçirilən tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

 

Sonra Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə çıxış edərək birinci Qarabağ müharibəsində və Qarabağın işğaldan azad edilməsi uğrunda gedən 44 günlük Vətən müharibəsində, eləcə də digər döyüş əməliyyatlarında şücaət göstərmiş Azərbaycan əsgərinin qəhrəmanlığından söhbət açıb. Qeyd edib ki, Azərbaycan xalqı bu gün müstəqil, azad və qalib ölkə kimi yaşayırsa, bu, şəhidlərimizin canı və qanı bahasına qazanılmış müqəddəs bir Zəfərin nəticəsidir.

İcra başçısı çıxışında vurğulayıb ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi, güclü siyasi iradəsi və ordumuza göstərdiyi xüsusi diqqət sayəsində Azərbaycan Ordusu qısa müddətdə tarixi Zəfərə nail olub. Bu qələbə həm dövlətimizin qüdrətinin, həm də xalq-ordu birliyinin təntənəsidir.

Tədbirdə çıxış edən digər natiqlər edib ki, şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu gənclər üçün vətənpərvərlik məktəbidir və onların xatirəsini əziz tutmaq, ailələrinə daim diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur.

 

Şəhid anası isə çıxışında dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını ifadə edib, Tağı kimi qəhrəmanların hər zaman xalqın qəlbində yaşayacağını bildirib.

Sonra Şəhidin atası İlham Abdullazadə çıxış edərək oğlu Tağının uşaqlıqdan Vətənə, torpağa bağlı böyüdüyünü, hər zaman cəbhəyə getmək arzusunda olduğunu bildirib. “O, Vətən sevgisini sözlə deyil, əməllə sübut etdi. Oğlumla qürur duyuram,” – deyə şəhid atası vurğulayıb.

Sonra məktəblilər vətənpərvərlik ruhunda yazılmış şeirləri bədii qiraət ediblər. Sonda şəhid məzarları ziyarət olunub, üzərlərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Tədbir iştirakçıları ailə üzvlərinə bir daha dərin hörmət və ehtiramlarını bildiriblər.

Sonra kənd mərasim evində ehsan süfrəsi açılıb.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Tağı Abdullazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tağı Abdullazadə noyabrın 2-də Hadrut döyüşləri zamanı şəhid olub. Sədərək şəhərində dəfn olunub.

 Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Tağı Abdullazadə ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad okumasına görə" "Xocavəndin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları və üçüncü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Ruhu şad olsun.

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi



Chosen
29
herbiand.az

1Sources