EN

“Küçəyə çıxa bilmirik, azərbaycanlıların çoxu Türkiyəyə qaçır” - Montoneqroda yaşayan azərbaycanlı ilə MÜSAHİBƏ

Monteneqronun paytaxtı Podqoritsada yerli sakinin Türkiyə vətəndaşı tərəfindən bıçaqlanmasından sonra polis aralarında azərbaycanlıların çoxluq təşkil etdiyi 45 nəfəri saxlayıb. Məlumata görə, hazırda yerli əhali başda türklər olmaqla, ölkədə yaşayan miqrantlara qarşı genişmiqyaslı aksiyalar keçirir. Həbs olunanlar arasında neçə nəfər Azərbaycan vətəndaşının olduğu dəqiq məlum deyil.

Montoneqronun paytaxtı Podqoritsada işləyən soydaşımız Ağa Cavadov “Yeni Sabah”ın son vəziyyətlə bağlı suallarını cavablandırıb.

- Montoneqro vətəndaşının bıçaqlanması necə baş verib? Hadisədə azərbaycanlıların iştirakı olubmu? Toyuqlu pizza

- Mən Podqoritsada kuriyer işləyirəm. Yayılan məlumatlara görə, iki nəfər azərbaycanlı və türk Montoneqro vətəndaşını bıçaqlayıb. Ona görə də yerli əhali ayağa qalxıb. Ümumiyyətlə Montoneqro serbləri türkləri sevmirlər. Tarixdə 500 il Osmanlı əsarətində qaldıqları üçün türklərə qarşı münasibətləri birmənalı deyil. Hadisədən sonra hər axşam Podqoritsada etiraz aksiyaları keçirilir.

- Hazırda bu ölkədə yaşayan azərbaycanlıəların vəziyyəti necədir?

- Polis güclü yoxlanış aparır. Özüm də işə çıxa bilmirəm. Şəhər rəsmiləri bizə deyir ki, hava qaraldıqdan sonra ümumiyyətlə çölə çıxmayın. Yerli sakinlər kiminsə türk dilində danışdığını eşidən kimi kütləvi hücumlar edirlər. Özü də əksəriyyəti eyni cür hərəkət edir. Buradakı serblər özlərindən başqa heç kimi bəyənmirlər. Əcnəbilərə qarşı münasibət ümumən birmənalı deyil. Ən çox da türklərə. Bizi də elə türk kimi qəbul edirlər. Son hadisələrdə azərbaycanlıların adı çox çəkilmir. Çünki bizim biznesmenlər bura çox pul qoyub. Hazırda azərbaycanlıların çoxu motosikletini, avtomobilini satır. Serblər çox sayda türk restoranını, türklərə məxsus nəqliyyat vasitələrini dağıdıblar. Deyilənə görə bir həftəyə qədər aksiyalar yekunlaşacaq. Açığı heç inanmağım gəlmir. Tanış uşaqların çoxu Türkiyəyə, Moldovaya, Serbiyaya qaçıb. Aksiyalar əsas Podqoritsada keçirilir. Budvada və digər şəhərlərdə hələlik sakitlikdir.

- Vəziyyətlə bağlı Montoneqrodakı Azərbaycan səfirliyinə müraciət etmisinizmi? Səfirlik tərəfindən hansısa köməklik göstərilibmi?

- Özüm şəxsən Azərbaycan səfirliyinə müraciət etməmişəm. Bizim səfirliyə adi sənəd düzəltdirməyə getmişdim, demək olar ki, köməklik etmədilər. İstəsələr, əlbəttə azərbaycanlılara kömək göstərərlər. Açığı azərbaycanlılara birbaşa hücumlar yoxdur. Dediyim kimi, türklərin arasında olanda və onlara hücum vaxtı nəsə hadisə ola bilər. Burada azərbaycanlılar çoxdur. Hətta deyim ki, serblərin əksəriyyəti bizi çox istəyir. Məncə hökumət əhalini sakitləşdirəcək. Çünki Türkiyə də bunlara çox kömək edir.

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
23
1
yenisabah.az

2Sources