EN

“Melissa” qasırğası 7 nəfərin həyatına son qoyub

Yamayka, Haiti və Dominikan Respublikasında əsrin ən güclü təbii fəlakəti yaşanır...

Poliqon xəbər verir ki, Karib hövzəsini bürüyən “Melissa” qasırğası Yamayka, Haiti və Dominikan Respublikasında azı 7 nəfərin ölümünə səbəb olub. ABŞ-ın Milli Qasırğa Mərkəzinin (NHC) məlumatına görə, “Melissa” təkcə bu ilin deyil, ümumiyyətlə, dünyada son 174 ildə qeydə alınmış ən güclü qasırğalardan biridir. The Independent yazır ki, bu fəlakət Yamayka tarixində indiyə qədər müşahidə olunan ən dağıdıcı hava hadisəsidir.

Mütəxəssislər bildirirlər ki, “Melissa” rekord dərəcədə sürətlə güclənən qasırğalardandır. Cəmi 18 saat ərzində adi tropik fırtınadan dördüncü kateqoriyalı qasırğaya, daha sonra isə beşinci kateqoriyaya yüksəlib. Küləyin sürəti saatda 282 kilometrə çatıb. NHC xəbərdarlıq edib ki, “Melissa” regionda infrastrukturun ciddi dağıntısına, uzunmüddətli enerji və rabitə kəsintilərinə, eləcə də bir çox yaşayış məntəqələrinin təcrid olunmasına gətirib çıxaracaq.

Təxminlərə görə, qasırğa Yamaykaya 38–76 sm arasında yağıntı gətirəcək, bəzi ərazilərdə bu rəqəm 1 metrdən (101,6 sm) çox ola bilər. Hökumət orqanları sahilyanı və aşağı ərazilərdə yaşayan əhalini təxliyə olunmağa çağırıblar.

Yamayka hökumətinin nümayəndəsi Desmond Makkenzi bildirib ki, paytaxt Kinqston “çox alçaqda yerləşir” və “şəhərin demək olar ki, heç bir hissəsi daşqınlardan qorunmayıb”. Onun sözlərinə görə, bir çox məhəllələr belə güclü su basqınlarına tab gətirə bilməyəcək.

Ölkənin informasiya naziri Deyna Morris Dikson isə qasırğanın miqyasını “misilsiz” adlandırıb: “Bizə yağıntının səviyyəsi barədə məlumatlar çatdırılıb. Belə göstəriciləri indiyə qədər heç vaxt eşitməmişdik,” – deyə nazir vurğulayıb.

Hazırda Yamayka və Haiti hökumətləri təcili yardım xidmətlərini səfərbər edib, beynəlxalq dəstək istənilib. Meteoroloqlar xəbərdarlıq edirlər ki, “Melissa”nın təsiri qarşıdakı günlərdə Karib dənizinin digər adalarına da yayıla bilər.

Poliqon.info

Chosen
120
23
poliqon.info

10Sources