EN

Aİ “Lukoil”in fəaliyyətinin məhdudlaşdırılması üçün mexanizmlər hazırlayır

Buxarest, 24 oktyabr, AZƏRTAC

Avropa İttifaqı (Aİ) Rusiyanın “Lukoil” şirkəti ilə əlaqələri kəsmək üçün yeni tədbirlər üzərində işləyir. Aİ artıq şirkətlə maliyyə əməliyyatlarının məhdudlaşdırılması istiqamətində mexanizmlər hazırlayır.

AZƏRTAC xəbər verir ki, şirkətin iri neft emalı zavodları Rumıniya və Bolqarıstanda fəaliyyət göstərir, yanacaqdoldurma məntəqələri isə demək olar ki, bütün qitə üzrə mövcuddur.

Rumıniya Energetika Nazirliyinin dövlət katibi Kristian Bușoy qeyd edib ki, ABŞ-ın elan etdiyi sanksiyalar nəticəsində “Lukoil” Rumıniyadakı neft emalı zavodunu satmağa məcbur olacaq.

“Petrotel-Lukoil” zavodu Ploiești şəhərində, Buxarestdən 55 kilometr məsafədə yerləşir və ildə 2,5 milyon ton emal gücünə malikdir. Zavod 1998-ci ildən “Lukoil”in mülkiyyətindədir və Rumıniyanın ən iri neft emalı müəssisələrindən biridir.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi ötən gün “Lukoil” və “Rosneft” şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlər şirkətlərin 34 törəmə strukturunu da əhatə edir. Yeni sanksiyalar Rumıniya və Bolqarıstanda “Lukoil”in gələcək fəaliyyəti ilə bağlı siyasi və iqtisadi müzakirələri daha da gücləndirib. Bu qərar, həmçinin, regionda enerji sektorunun yenidən qurulması perspektivlərini gündəmə gətirib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Chosen
37
3
azertag.az

4Sources