Tədqiqat göstərib ki, fiziki məşq zamanı vaxt subyektiv olaraq 8–9 faiz daha ləng keçir...
Poliqon xəbər verir ki, beynəlxalq alimlər qrupu insanın zaman qavrayışının fiziki fəaliyyət zamanı dəyişdiyini sübut edib. Brain and Behavior jurnalında dərc olunan araşdırmaya əsasən, insan bədənindəki fiziki gərginlik zamanı vaxtın axışı subyektiv olaraq daha ləng hiss olunur.
Tədqiqat çərçivəsində 33 iştirakçı 4000 metrlik məsafəni velotrenajor üzərində qət edib. Eksperiment zamanı onlardan xronometrdən istifadə etmədən, yalnız daxili hisslərinə əsaslanaraq 30 saniyə keçdiyini düşündükləri anda məşqi dayandırmaları istənilib. Nəticədə məlum olub ki, real vaxt 30 saniyədən az olduğu halda, iştirakçılar artıq bu müddətin keçdiyini zənn ediblər — yəni zaman onlara daha uzun görünüb.
Araşdırma göstərib ki, bu effekt nə yarış mühitindən, nə də rəqibin mövcudluğundan asılı deyil — əsas faktor fiziki yüklənmə və bədənin daxili reaksiyalarıdır. Alimlər hesab edirlər ki, məşq zamanı insanın diqqəti daha çox daxili siqnallara — ürək döyüntüsünə, nəfəsə və əzələlərin yorğunluğuna yönəlir. Nəticədə, beynin xarici zaman axışını “oxuma” qabiliyyəti zəifləyir və vaxt subyektiv olaraq uzanmış kimi hiss edilir.
Tədqiqatçılar qeyd edirlər ki, bu fenomen idmançılar üçün praktiki əhəmiyyət daşıyır, çünki məşq və yarış zamanı enerji bölüşdürülməsi zamanı vaxt hissi vacib rol oynayır. Gələcək eksperimentlərdə isə alimlər işıqlandırma, musiqi və məşq növü kimi xarici stimulların zaman qavrayışına təsirini araşdırmağı planlaşdırırlar.
Qeyd olunur ki, bu təsir təkcə peşəkar idmançılarda deyil, adi məşq edən şəxslərdə də müşahidə edilib.
Poliqon.info