EN

Vətəndaş cəmiyyətinin səsi Xankəndidə: QHT rəhbərləri danışır

2025-ci il oktyabrın 20-də Xankəndi Konqres Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib.
Forum ölkənin müxtəlif bölgələrindən gələn QHT rəhbərlərini bir araya gətirərək vətəndaş cəmiyyətinin aktual mövzularını müzakirə etmək üçün mühüm platforma rolunu oynayıb. Tədbirdə iştirak edən ictimai birliklərin rəhbərləri öz təəssüratlarını QHT.az-la bölüşüblər

 

"Xankəndidə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan QHT-lərinin 3-cü Əməkdaşlıq Forumu” baş tutdu. Forumun əsas məqsədi ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın genişləndirilməsi idi. Foruma ölkənin müxtəlif bölgələrindən qatılmış QHT nümayəndələrinin Xankəndidə bir araya gəlməsi həm də simvolik bir hadisədir. Bu, Qarabağın yenidənqurma mərhələsində vətəndaş cəmiyyətinin həmrəylik və məsuliyyətini göstərir.”

Bu fikirləri “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin sədri Şəbnəm Səfərova QHT.az-a açıqlamasında bildirib.

O vurğulayıb ki, son illər QHT sektoru yeni mərhələyə qədəm qoyub: “Xüsusən də Qarabağda sosial, ekoloji və maarifləndirici layihələrin icrasında QHT-lərin rolu getdikcə artır. Əməkdaşlıq forumu QHT-lər arası şəbəkələşmənin artması, vətəndaş cəmiyyəti nümayəndələrinin birgə ideyalar və resurslar ətrafında birləşməsi üçün çox faydalı platformadır. Artıq Qarabağ təkcə bərpa və tikinti məkanı deyil, həm də yeni düşüncə tərzinin, yeni məsuliyyətin simvoludur. Forum çərçivəsində ekoloji maarifləndirmə, beynəlxalq tədbirlərdə iştirakçılıq, rəqəmsal transformasiya və gənclərin vətəndaş fəallığı kimi istiqamətlər üzrə təşəbbüslərin müzakirə olunması buna sübutdur. “Biz inanırıq ki, Qarabağın gələcəyi yalnız infrastruktur layihələri ilə deyil, həm də sosial və intellektual investisiyalarla formalaşacaq. Bu baxımdan QHT-lərin səsi və iştirakı əvəzolunmazdır.”

 

“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı QHT.az-a açıqlamasında bildirib ki, Zəfər Günü ərəfəsində Xankəndidə keçirilən Forum tədbirə xüsusi mənəvi dəyər qatıb.

QHT sədri qeyd edib ki, Forum dövlət və QHT-lər arasında etimad, şəffaflıq və birgə məsuliyyət modelinin möhkəmləndiyini nümayiş etdirir: 

"QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil edilən, artıq ənənəyə çevrilən bu Forum vətəndaş cəmiyyətinin inkişafında mühüm platforma rolunu oynayır. Burada QHT-lərin yaxşı təcrübələri mübadilə etmə imkanının olması, beynəlxalq layihələrin təşkili zamanı qarşılaşılan çətinliklərin müzakirəsi və gələcəyin QHT-lərinin necə formalaşmalı olduğu barədə fikirlər müzakirəsi, əməkdaşlıq imkanlarının dəyərləndirilməsi bir daha forumun QHT-lər üçün yaratdığı imkanların göstəricisidir. Düşünürəm ki, bu Forum həm peşəkar inkişaf, həm də vətəndaş həmrəyliyinin güclənməsi baxımından əhəmiyyətli addımdır."

Şahin Rəhmanlı əlavə edib ki, artıq layihələr sadəcə formal tədbirlər deyil, real təsir yaradan proseslərə çevrilir və Forum azad edilmiş ərazilərdə sosial bərpa və “böyük qayıdış” proseslərinə QHT-lərin daha fəal qoşulmasına mühüm rol oynayır.

 

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının idarə heyətinin sədri Ayaz Hüseynov QHT.az-a açıqlamasında bildirib ki, 20 oktyabr 2025-ci il tarixində Xankəndi Konqres Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu yüksək səviyyədə təşkil olunub.

QHT sədri bildirib ki, rəsmi açılışda Ümummilli Lider Heydər Əliyevin Konstitusiya quruculuğuna dair videoçarxı təqdim edilib. Forum çərçivəsində QHT-lərin dövlətlə əməkdaşlığı, qarşılıqlı məsuliyyət və şəffaflıq prinsipləri vurğulanıb. İştirakçılar dörd paneldə müzakirələr aparıb, o cümlədən “Türkman irsi: tarixi köklərə sədaqət” paneli keçirilib.

Forum iştirakçıları həmçinin Prezident İlham Əliyevə müraciət qəbul edib və tədbirin sonunda bədii hissə təşkil olunaraq yallı rəqsi ilə yekunlaşıb.

Chosen
100
qht.az

1Sources