EN

Öz toyunu unudan sənətkar - O, bir gecədə necə məşhurlaşmışdı?

Yuxuda görübmüş ki, Abdal-Gülablıdakı evlərinin həyətində çadır qurulub, qarşıda da qəbiristanlıq görünür. Kənddəki evləri qəbiristanlığın yaxınlığında idi.

Yuxudan durub deyib: "Mən öləcəm". Bu yuxudan bir ay sonra vəfat edib.

Dostları ilə Əli Bayramlıdan qayıdırmış, yolda qəza baş verib və Səxavət Məmmədov o qəzada 37 yaşında dünyasını dəyişib.

Onun ölümündən sonra ikinci həyat yoldaşı iki dəfə intihara cəhd edir. Qəbri üstünə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilməyib. Daha sonra kənd işğal olunub.

Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qalıb.

O, avtomobil qəzasında dünyasını dəyişsə də, ölümü barədə şübhələr bu günə qədər səngimək bilmir. Oğlu Bəxtiyar müsahibələrinin birində deyir:

"Bu günə qədər də onun ölümü ilə bağlı bir çox müəmmalar qalır. Çünki atam qəzaya düşəndə yoldaşlarının heç birinə heç nə olmamışdı, amma onların heç biri sonradan sağ qalmadı. Atamın avtomobili ilə toqquşan "Kamaz"ın sürücüsü də müəmmalı şəkildə öldü. Bundan başqa hadisə zamanı qəzadan salamat çıxıb təcili yardım maşınına minən adamlara da nə isə oldu. Yəni atamla bağlı baş verən qəza nə isə çox qarışıq məsələ idi. Atam cəbhədə baş verənlərlə bağlı, belə deyək, növbəti sövdələşmədən qayıdanda Qaradağ yolunda "Qaz zapravkası" deyilən dar bir yerdə qəzaya düşmüşdü. Onların olduğu maşın qəfildən yola çıxan "Kamaz"ın altına girmişdi. Sonradan o "Kamaz" sürücüsü də bayaq dediyim kimi həbsdə müəmmalı şəkildə öldü. Bəzi məsələlər var ki, mən sonradan öyrəndim, bildim, indi bunlar haqqında danışmaq istəmirəm. Onlar mənim özümdə qalsın".

Deyilənə görə, onu həttta ermənilər də sənətkar kimi çox sevirlərmiş. Cəbhə bölgəsində yerləşən Abdal-Gülablı kəndində dəfni zamanı erməni tərəfi güllə atmayıb, ailə üzvlərinin və kənd adamlarının Səxavətin qəbrini ziyarət etməsinə şərait yaradıblar.

Kiçik qardaşı Firuz Səxavət də məşhur xanəndədir və onların səsləri bir-birinə çox oxşayır. Ancaq o, Səxavətin səsini bənzərsiz hesab edir.

Dostu, ustad tarzən Möhlət Müslümov danışır ki, Səxavət toyunda "bəyhamamı"na bizə gəlmişdi. Yeyib-içdik, Səxavət mənə dedi ki, o tarı gətir çal, eynimiz açılsın. Mən tar çaldım, o, oxudu. Necə bizə ruh gəldisə, toyu unutduq. Sən demə, gəlini gətiriblər, toy qurtarıb, evdə hamı bəyi axtarır. Qohum-əqrəba axtarış elan edib. Səxavətin atasının birdən ağlına gəlib ki, oğlu bizdə olacaq.

İlk həyat yoldaşından ayrılıb və başqa bir qadınla ailə qurub. Onun yaxınları, qohumları ikinci evliliyini doğru hesab etməyiblər. Lakin, övladlarının sözlərinə görə, o, hər iki ailəsinin də qayğısına qalıb, onların maddi xərclərini qarşılayıb.

Chosen
56
2
kulis.az

3Sources