EN

Ermənistanda film kimi olaylar: "Kriminal mer" həbsə atıldı, digər müxaliflər küncə sıxışdırıldı...


Ermənistanda Gümrü meri Vardan Qukasyan korrupsiya ittihamı ilə iki ay müddətinə həbs edilib. O, cəmi altı ay əvvəl seçilib, lakin müxalifət artıq onu öz ikonalarından birinə çevirib. Vardan Qukasyan Paşinyana müxalifətddir, Rusiyaya simpatiyası ilə seçilir. Onu da qeyd edək ki, Qukasyan təkcə siyasətçi kimi tanınmır. Yerli media onu 1990-cı illərdən Gümrüyə nəzarət edən cinayətkar Vardanik kimi də təqdim edir.

Qukasyanla birlikdə Gümrünün baş memarı da daxil olmaqla daha 7 nəfər saxlanılıb. Müstəntiqlərin sözlərinə görə, cinayətkar dəstə 1500 kvadratmetrlik qanunsuz tikili ilə bağlı əməliyyat həyata keçirməyə can atıb. 4 milyon dram rüşvət müqabilində Qukasyan və onun əlaltıları binanın sökülərək qanuni əsaslarla yenidən tikilməsinə dair sənədlər hazırlayacaqlarına söz veriblər. Kiminsə onların cinayət planından xəbər tutmaması üçün bu şəxslər Nikol Paşinyan hökumətinin tərəfdarlarını şantaj ediblər. Erməni mediası yazır ki, Qukasyan Gümrü üçün yad deyil. Konkret olaraq o, 1999-cu ildən 2012-ci ilə qədər şəhəri idarə edib və bu müddət ərzində o, istənilən vasitə ilə istədiyi nəticələri əldə etməyə qadir olan kriminal avtoritet kimi özünü təsdiqləyib. Onun komandasının qətllərdə, zorlamalarda və qəsbdə də əli olduğu barədə şayiələr var. Ermənistanda Qukasyana Vardanik ləqəbi verilib və o, bundan zərrə qədər də utanmır. Amma onu da xatırladaq ki, “məxməri inqilab”dan dərhal sonra Paşinyan siyasətdə kriminal elementlərə son qoyacağına söz verib. Keçmiş mer buna cavab olaraq bəyan edib ki, dünyada qanuni oğrulardan daha ağıllı adam yoxdur və onun hakimiyyəti dövründə Gümrü Ermənistanda “cinayətdən ən azad” şəhər olub. Bütün bunlara baxmayaraq, 2025-ci ilin aprelində Qukasyan yenidən Gümrü şəhərinin meri oldu. Yerli seçkilərdə o, 42,66% fəallıqla 20% səs toplayan Kommunist Partiyasının siyahısına başçılıq edib. Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası 36,8% səs toplayıb, lakin meri yerli parlamentin üzvləri seçir və müxalifət Qukasyanın ətrafında birləşə bilib. Hökumətin rəqibləri üçün bu, uzun müddət ərzində ilk qəti qələbə idi.Gümrü şəhərinin meri və Ermənistanın baş naziri bir-birlərinə nifrətlərini gizlətmirdilər; əksinə, hər fürsətdə bunu vurğulayırdılar. Oktyabrın 1-də Paşinyan ölkənin ikinci ən böyük şəhərinin respublikanın suverenliyini şübhə altına alan oğrunun nəzarəti altında olduğunu bəyan edib: “Biz bu cür insanları siyasi və ictimai həyatdan qovmalıyıq”. Qukasyan Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyətini qəbul etmir və buna görə Paşinyanı günahlandırır. O hesab edir ki, əgər baş nazir Moskva ilə müttəfiqliyin möhkəmlənməsinə çalışsaydı, bu, baş verməzdi. Buna görə də o, İrəvanı Rusiya və Belarusun ittifaq dövlətinə qoşulmağa çağırır. Paşinyan hesab edir ki, bu, Ermənistanın suverenliyinin itirilməsinə gətirib çıxaracaq. Bunlar fonunda təhlükəsizlik qüvvələrinin onun üçün gəldiyini bilən Qukasyan meriyanın qarşısında barrikada quraraq tərəfdarlarına müraciət edib: “Qürurlu və ədalətli Gümrü sakinləri! Şəhərimizi və ləyaqətimizi müdafiə etməyin vaxtı çatıb... Biz Gümrü camaatı merimizi seçmək və müdafiə etmək hüququnu qorumağa borcluyuq. Birləşin, səsinizi çıxarın, susmayın. Gümrü xalqına görə güclüdür”.

Həmin vaxt mer üçün dəstək qrupu, bələdiyyə xidmətlərinin və digər ictimai sektor təşkilatlarının işçiləri də daxil olmaqla, meriya qarşısında toplanmışdı. Həmçinin, müəyyən kriminal qruplar öz liderini istənilən vasitə ilə müdafiə etməyə qərarlı idilər. Bununla belə, onlar hüquq-mühafizə orqanlarına qarşı çıxmaq üçün açıq-aşkar kifayət deyildilər. Qukasyanın yanına gələn təkcə bir polis dəstəsi deyil, bir neçə dəqiqə ərzində Gümrünün bütün mərkəzini zəbt edən bütöv bir təhlükəsizlik qüvvələri ordusu idi. Korrupsiyada şübhəli bilinən merin tərəfdarları tünd qırmızı beretlərin izdihamı arasında sözün əsl mənasında itiblər. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları meriya binasının qapılarını sındıraraq, şübhəli şəxsi sürüyərək çölə çıxarıb və İrəvan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə aparıblar. Təhlükəsizlik qüvvələri də etirazçıları unutmayıb. Ermənistan İstintaq Komitəsi onların kütləvi iğtişaşlarda iştirakı ilə bağlı cinayət işi açıb. 30-dan çox adam saxlanılıb. Onları üç ilə qədər həbs gözləyir. Maraqlıdır ki, İrəvanda heç bir etiraz aksiyası olmayıb. İlkin olaraq Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin girişini yalnız üç polis əməkdaşı qoruyub. Öz işləri ilə məşğul olan İrəvan sakinləri heç nə olmamış kimi onların yanından keçirdilər. Sonra müxalifətçilərdən ibarət kiçik bir qrup gəldi, lakin onlar susdular. Məhkəmə zamanı məlum olub ki, Qukasyan bir neçə cinayətdə təqsirləndirilir və bu cinayətlərin əksəriyyəti o, mer olana qədər törədilib. Gümrü merinin vəkili Aramayis Ayrapetyan bildirib: “Təsvir edilən aktların bəziləri 2024-cü ilin dekabrına və 2025-ci ilin fevralına aiddir. O vaxt Qukasyan icmanın başçısı deyildi... Altı-yeddi insidentdən yalnız biri onun hazırkı vəzifəsinə aiddir”. Bu halda Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhdarları onun diktatora çevrildiyinə əmindirlər. Ermənistan Respublika Partiyasınin bu xüsusda bəyanatında deyilir: “Ruhanilərin (arxiyepiskoplar Mikael Ajapaxyan və Baqrat Qalstanyan, yepiskop Mkrtiç Proşyan və başqaları), iş adamı və xeyriyyəçi Samvel Karapetyanın həbsləri və Gümrüdə baş verənlər Nikolun demokratik baloncuqlarının partlamasının təzahürüdür”. Keçmiş prezident Robert Köçəryanın “Hayastan” parlament bloku hətta həmvətənlərini rejimə qarşı mübarizəyə çağırıb: “Biz hər yerdə Ermənistan vətəndaşlarını bu hökuməti rədd etməyə çağırırıq. Nikol Paşinyan erməni xalqına müharibə elan edib. Əmin olun, o, bu müharibədə uduzacaq”. Həbsə atılan oliqarx Karapetyanın rəhbərlik etdiyi “Bizim yol” hərəkatının nümayəndələri erməni sakinlərinə xəbərdarlıq ediblər ki, gec-tez repressiya onların hər birinə təsir edəcək: “Xalq bu günlərdə öz etirazını bildirməsə və tədbir görməsə, Ermənistan tezliklə total diktaturaya çevriləcək”. Ermənistan mediasında şübhə yoxdur ki, hakimiyyət və müxalifət 2026-cı ilin iyununa təyin edilmiş parlament seçkilərinə hazırlığın növbəti mərhələsinə keçiblər. Hakimiyyət artıq tanınmış kilsə xadimlərini, müxalifətin seçki kampaniyasını maliyyələşdirməyə qadir olan oliqarxı və rejimin məğlubiyyətə uğraya biləcəyini sübut edən şəhər merini həbs edib.

Tahir TAĞIYEV

Chosen
78
12
baki-xeber.com

10Sources