Son günlər Azərbaycanda və Ermənistanda bir-birinə oxşar ciddi siyasi hadisələr baş verir.
Hər iki ölkədə Rusiyanın “5-ci kolon”una qarşı mübarizə tədbirləri sözügedən proseslərin Kremlin regiondakı geosiyasi vəziyyəti dəyişmək planının tərkib hissəsi olduğu qənaətini yaradır. Azərbaycanda və Ermənistanda aparılan həbslər, aşkara çıxan cinayət faktları bir-birilə sinxronlaşdırılmış şəkildə həyata keçirilməsə də, hədəf eynidir.
Rusiyanın dəstəyi ilə hakimiyyəti ələ keçirməyə can atan qrupların fəallaşması müşahidə olunur. Azərbaycanda Ramiz Mehdiyevin ev həbsi və ona qarşı irəli sürülən ittihamlar, bunun ardınca Ermənistanda Rusiyanın 102 saylı hərbi bazasının yerləşdiyi Gümrü şəhərinin meri Vardan Qukasyanın cinayət məsuliyyətinə cəlb edilməsi təsadüf kimi qiymətləndirilə bilməz. Çünki hər iki cinayət motivinin mənbəyində Rusiyaya bağlı “5-ci kolon”un hakimiyyəti qanunsuz yolla ələ keçirmək, korrupsiya faktları və buna qarşı mübarizənin dayandığını görmək olar.
Rusiyanın son vaxtlar Cənubi Qafqazda geosiyasi mövqelərinin zəifləməsi fonunda Azərbaycan və Ermənistanın sülhə xeyli yaxınlaşması, eyni zamanda, ABŞ-nin iştirakı ilə Zəngəzur dəhlizinin açılması barədə razılığın əldə olunması Kremli ciddi narahat edir. Ona görə də Rusiya həm Azərbaycanda, həm də Ermənistandakı emissarları vasitəsilə daxili siyasi təzyiqləri gücləndirməyə, hətta mümkün olacağı təqdirdə hakimiyyət çevrilişi edib bölgədə geosiyasi balansı öz xeyrinə dəyişməyə səy göstərir.
Eyni zamanda, bu təşəbbüsün birtərəfli qaydada xaricdən gəldiyini də iddia etmək olmaz. Görünür, “5-ci kolon”lar öz hakimiyyət arzularını reallaşdırmaq üçün yaranmış vəziyyətdən istifadə edərək Kremllə aktiv təmasa keçiblər. Ramiz Mehdiyevin Azərbaycanda hakimiyyətə gəlmək məqsədilə hələ vəzifədə olduğu dövrdə dövlət orqanlarına, hakimiyyət srtukturlarına, o cümlədən bəzi müxalifət qüvvələrinin daxilinə yerləşdirdiyi şəbəkə üzvlərindən özünə siyasi komanda formalaşdıraraq Rusiyadan dəstək istəyib.
Ermənistanda isə Vardan Qukasyan 2026-cı ildə keçiriləcək parlament seçkilərini siyasi fürsət hesab edərək baş nazir postuna gələcəyi təqdirdə ölkəni Rusiya-Belarus ittifaqına daxil edəcəyini vəd edib. Ancaq hər iki ölkədə təhlükəsizlik orqanlarının fəal hərəkətə keçməsi bu təxribatların qarşısını alıb.